İsrailin müdafiə naziri İsrael Kats HƏMAS-ın siyasi bürosunun rəhbəri Xəlil əl-Həyyanı öldürməklə hədələyib. Nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı HƏMAS-a dəstək verməkdə ittiham edərək Ankaranın hərəkatın fəaliyyətinə şərait yaratdığını iddia edib.
MSNews.az xəbər verir ki, Kats bu barədə oktyabrın 11-də “X” sosial şəbəkəsində paylaşım edib. “Europa Press” agentliyinin məlumatına görə, İsrail naziri HƏMAS rəhbərliyinə qarşı əməliyyatların davam etdiriləcəyini bildirib.
“Biz Qəzzada HƏMAS liderlərini öldürdük. Əl-Həyyanın da növbəsi çatacaq. O da Haniyə və tərəfdarlarının yanına göndəriləcək”, – deyə Kats hədələyib.
Kats Ərdoğanı HƏMAS nümayəndələrini qəbul etməkdə və hərəkatın Türkiyədən fəaliyyət göstərməsinə dəstək verməkdə ittiham edib. “i24NEWS” telekanalı da nazirin açıqlamasını yayıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran İsrail nazirinin bəyanatını pisləyib. O, Ərdoğana və Türkiyəyə qarşı ittihamları əsassız adlandıraraq sülh danışıqlarında iştirak edən şəxslərin hədəfə alınması ilə bağlı təhdidlərə etiraz edib.
HƏMAS da bəyanat yayaraq Katsın sözlərini pisləyib və onları İsrail hökumətinin siyasi mövqeyi ilə əlaqələndirib. “Ahram Online” nəşrinin məlumatına görə, hərəkat təhdidlərin rəhbərliyinin mövqeyini dəyişməyəcəyini bildirib.