Britaniyalı səyyah, keçmiş desantçı Karl Buşbi 28 il davam edən dünya səyahətindən sonra vətəninə qayıdıb. Bu müddətdə təxminən 50 min kilometr məsafə qət edən 57 yaşlı səyyah son böyük maneə olan La-Manş boğazını üzərək keçib və oktyabrın 5-də Britaniya sahillərinə çatıb.
MSNews.az xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, Buşbi 1998-ci il noyabrın 1-də Çilinin Punta-Arenas şəhərindən başladığı səyahət zamanı 29 ölkə və ərazidən keçib.
Bu müddətdə o, Cənubi Amerikanı piyada keçib, təhlükəli Daryen bölgəsini adlayıb, Alyaskaya çatıb və donmuş Berinq boğazından keçərək Rusiyaya daxil olub. Daha sonra Sibir, Monqolustan və Çin üzərindən yoluna davam edib.
Buşbinin marşrutunun ən diqqətçəkən mərhələlərindən biri 2024-cü ildə Xəzər dənizini 31 gün ərzində üzərək keçməsi olub. Qazaxıstandan Azərbaycana çatan səyyah Bakıda qarşılanıb və buradan Gürcüstanla Türkiyə istiqamətində yoluna davam edib. Bu məlumat onun rəsmi ekspedisiya saytında da əks olunub.
Səyahətin son mərhələsində Buşbi La-Manş boğazının altındakı xidməti tuneldən piyada keçməyi planlaşdırıb. Lakin təhlükəsizlik səbəblərinə görə ona icazə verilməyib.
Bundan sonra səyyah Fransa sahillərindən Böyük Britaniyaya üzərək keçmək qərarına gəlib. “ExplorersWeb” portalının məlumatına görə, hava şəraiti səbəbindən keçid üç gün davam edib. Bu müddətdə Buşbi ümumilikdə təxminən 20 saat suda olub, gecələri isə müşayiət gəmisində keçirib.
“ITV News” telekanalına danışan Buşbi hisslərini belə ifadə edib:
“Bu qədər ildən sonra ayaqlarımın altında Britaniya torpağını hiss etmək möhtəşəmdir. Asan olmayıb və bütün məsələnin mahiyyəti də bundadır – özümə düşündüyümdən daha çox şeyə qadir olduğumu sübut etmək. Hamımız təsəvvür etdiyimizdən daha böyük uğurlara nail ola bilərik”.
Verner Hersoqun rejissorluğu ilə Buşbinin qeyri-adi səyahətindən bəhs edən “Walk of Life” adlı sənədli film də hazırlanır.