Britaniya Baş naziri: “Rusiya Brexit referendumuna müdaxilə edib”

Böyük Britaniyanın Baş naziri Endi Bernem Rusiyanın 2016-cı ildə keçirilən Brexit referendumuna müdaxilə etdiyini açıqlayıb. O, hakimiyyətə gəldikdən sonra bu barədə təsdiq aldığını bildirib.

59

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Rusiyanın 2016-cı ildə ölkənin Avropa İttifaqından çıxması ilə bağlı keçirilən referenduma müdaxilə etdiyini açıqlayıb. Hökumət başçısı vəzifəyə başladıqdan sonra bu barədə dəqiq təsdiq aldığını bildirib.

MSNews.az xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, Börnhem bu açıqlamanı oktyabrın 11-də yayımlanan “The Rest Is Politics” podkastına müsahibəsində verib.

“Dauninq-stritə gələndə belə bir sual verdim: Rusiya 2016-cı il referendumuna müdaxilə edibmi? Mənə birmənalı cavab verildi ki, bəli, müdaxilə olub”, – deyə Baş nazir bildirib.

2026-cı ilin iyulunda hökumət rəhbəri vəzifəsinə başlayan Börnhem bununla da Rusiyanın Brexit referendumuna müdaxiləsini açıq şəkildə təsdiqləyən ilk Britaniya Baş naziri olub.

Bununla belə, Börnhem müdaxilənin konkret hansı üsullarla həyata keçirildiyini, ona bu məlumatı kimin təqdim etdiyini və hansı sübutlara əsaslandığını açıqlamayıb. Rusiyanın fəaliyyətinin referendumun yekun nəticəsinə təsir edib-etmədiyi də müəyyənləşdirilməyib.

“Associated Press” agentliyinin məlumatına görə, Britaniya parlamentinin Kəşfiyyat və Təhlükəsizlik Komitəsi hələ 2020-ci ildə hökumətin Rusiya müdaxiləsi ehtimalını lazımi səviyyədə araşdırmadığını müəyyən etmişdi. Həmin hesabatda Rusiya dövlət mediasının və sosial şəbəkələrdəki hesabların Britaniya siyasi proseslərinə mümkün təsirinə diqqət çəkilmişdi.

Börnhem isə bu məsələnin ictimaiyyətə açıqlanmasını vacib hesab etdiyini bildirib. Onun sözlərinə görə, Fransa və Almaniya vətəndaşları da xarici qüvvələrin demokratik proseslərə müdaxilə cəhdlərindən xəbərdar olmalıdırlar.

Baş nazir Almaniya Kansleri Fridrix Mertslə görüşündə Rusiyanın Almaniya üçün Alternativ (AfD) partiyası ilə mümkün əlaqələrini də müzakirə etdiyini söyləyib. O, Rusiyadan Almaniyanın siyasi mühitinə yönəlmiş dezinformasiya fəaliyyətinin mövcud olduğunu iddia edib.

Börnhemin açıqlaması sabiq Baş nazir Boris Consonun mövqeyindən fərqlənir. Conson 2020-ci ildə Rusiyanın Brexit referendumuna müdaxiləsini təsdiqləyən sübutların olmadığını bildirmişdi.

Rusiya isə Britaniyanın seçki və referendumlarına müdaxilə ittihamlarını dəfələrlə rədd edib. Moskva bu iddiaları əsassız hesab etdiyini açıqlayıb.

Qeyd edək ki, 2016-cı il Brexit referendumunda seçicilərin 52 faizi Avropa İttifaqından çıxmağa, 48 faizi isə üzvlüyün davam etməsinə səs verib. Bernem son açıqlamalarında Britaniyanın gələcəkdə Aİ-yə yenidən qoşulması imkanının da nəzərdən keçirilə biləcəyini bildirib.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.