Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov oktyabrın 10-da “Bakı Ağ Şəhər”də olublar.
MSNews.az xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov Ramzan Kadırova burada görülən işlər və yaradılan şərait barədə məlumat verib.
Bildirilib ki, ərazi əvvəllər “Qara şəhər” kimi tanınıb və 150 ildən artıq müddətdə neft sənayesi tullantıları ilə çirklənib. Vaxtilə çoxsaylı neft gölməçələrinin yerləşdiyi bu zonada genişmiqyaslı ekoloji bərpa işləri aparılıb və müasir yaşayış massivi yaradılıb.
Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb.
Qeyd olunub ki, “Bakı Ağ Şəhər” ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında hazırlanıb. Ərazidə geniş küçələr, yaşıllıq zonaları, müasir heykəltaraşlıq nümunələri yaradılıb və yeni şəhərsalma həlləri tətbiq olunub.
Layihə Bakının keçmiş sənaye zonalarından birinin müasir yaşayış, biznes və ictimai məkanlara çevrilməsi baxımından ən iri şəhərsalma təşəbbüslərindən biri hesab olunur.









