ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiyanın iri həcmdə dizel yanacağını ABŞ və dünya bazarlarına çıxarması barədə razılıq əldə olunduğunu açıqlayıb.
MSNews.az xəbər verir ki, Tramp bildirib ki, razılaşmaya əsasən Rusiya dərhal 300 min tondan çox dizel, noyabrda əlavə 500 min ton, daha sonra isə 1 milyon ton yanacaq tədarük edəcək.
Trampın sözlərinə görə, Rusiya neft emalı zavodlarının vəziyyəti imkan verərsə, qısa müddətdə əlavə 3 milyon ton dizel də bazara çıxarıla bilər. Beləliklə, potensial ümumi həcm təxminən 4,8 milyon tona çata bilər.
ABŞ Maliyyə Nazirliyi bu əməliyyatların həyata keçirilməsi üçün Rusiya dizelinin bazara çıxarılmasına imkan verən müvəqqəti ümumi lisenziya təqdim edib. Bu addım Vaşinqtonun Rusiya enerji sektoruna tətbiq etdiyi sanksiyalar fonunda diqqət çəkir.
Tramp bildirib ki, məqsəd ABŞ-da və qlobal bazarda kəskin artan dizel qiymətlərini aşağı salmaqdır. “Reuters” yazır ki, ABŞ-da orta dizel qiyməti İran müharibəsi başlayandan sonra təxminən 70% artaraq 6,28 dollara yüksəlib.
Tramp daha əvvəl də dizel qiymətlərini azaltmaq üçün vergidən azad “qırmızı dizel”in avtomobil yollarında istifadəsinə müvəqqəti icazə verən qərar imzalamışdı. Ağ Ev həmin tədbirin ilin sonunadək qüvvədə qalacağını açıqlayıb.
Bununla belə, yeni Rusiya dizelinin bazara çıxmasının qiymətləri nə qədər və nə qədər tez aşağı salacağı hələ məlum deyil. “Reuters” qeyd edir ki, əvvəlki tədbirlər hələlik qiymətlərdə ciddi azalma yaratmayıb.