Prezident İlham Əliyev oktyabrın 8-də Türkmənbaşı şəhərində keçirilən MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub. Festival Türkmənistanın 2026-cı ildə MDB-yə sədrliyi çərçivəsində təşkil edilib və tədbirdə səkkiz ölkə təmsil olunur.
MSNews.az xəbər verir ki, festival məkanında Azərbaycan Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə iki hissədən ibarət milli pavilyon qurulub.
Pavilyonun kulinariya bölməsində Azərbaycanın milli mətbəxi və qastronomiya ənənələri təqdim olunur. Burada ölkənin müxtəlif regionlarına xas bitkilər, meyvələr, taxıl məhsulları, çərəzlər və digər yerli məhsullar nümayiş etdirilir. Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilmiş çay mədəniyyəti ənənəsi də ekspozisiyada yer alıb.
Pavilyonun ikinci hissəsində isə xalçaçılıq, kəlağayı, misgərlik, ağac üzərində oyma və keramika sənəti təqdim olunur. Azərbaycan Milli Xalça Muzeyinin ekspozisiyası əsasında burada XIX əsr Qarabağ evinin interyeri də canlandırılıb.
Azərbaycan pavilyonunda azyaşlı xanəndələrin ifasında milli musiqi və muğam nümunələri də səsləndirilib.
Həmin gün Türkmənbaşı şəhərində Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun adından rəsmi qəbul verilib və konsert proqramı təşkil olunub. Prezident İlham Əliyev bu tədbirdə də iştirak edib.


















