Azərbaycan və Ermənistanın müvafiq strukturlarının nümayəndələri oktyabrın 8-də Ermənistanın Gorus şəhərində TRIPP layihəsi çərçivəsində elektrik xətlərinin çəkilişinə dair texniki görüş keçiriblər.
MSNews.az xəbər verir ki, “APA” Azərbaycanın Nazirlər Kabinetinə istinadən bildirir ki, görüş zamanı tərəflər elektrik xətlərinin çəkilişi ilə bağlı texniki məsələləri müzakirə ediblər.
Müzakirələrdə iki ölkənin aidiyyəti qurumları arasında əlaqələndirmə mexanizmləri, eləcə də işlərin irəlilədilməsi üçün tələb olunan növbəti addımlar diqqət mərkəzində olub.
Ermənistan tərəfi də görüşü təsdiqləyib. “Armenpress” Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə istinadən yazır ki, tərəflər elektrik ötürücü xətlərinin yerləşdirilməsi ilə bağlı texniki məsələlər və bu istiqamətdə gələcək perspektivlər üzrə fikir mübadiləsi aparıblar.
Açıqlamalarda konkret marşrut, tikintinin başlanma tarixi, xətlərin gücü və layihənin maliyyələşdirilməsi ilə bağlı əlavə detallar verilməyib.
TRIPP regional bağlantı və infrastrukturun inkişafını nəzərdə tutan layihədir. Onun icrası üzrə hüquqi, müqavilə və institusional hazırlıq işləri də davam etdirilir.