Naftali Bennet: “Türkiyə yeni İrandır”

İsrailin keçmiş baş naziri Naftali Bennet Türkiyəni İsrail üçün yeni regional təhlükə adlandırıb. O, Ankara, Doha, Dəməşq, HƏMAS və Pakistanın daxil olduğu yeni sünni oxunun formalaşdığını iddia edib.

80

İsrailin keçmiş baş naziri Naftali Bennet Türkiyəni ölkəsi üçün formalaşan yeni regional təhlükə kimi xarakterizə edərək “Türkiyə yeni İrandır” ifadəsini işlədib. O, Ankaranın Qətərlə birlikdə Suriyada təsirini genişləndirdiyini və daha geniş regional blok yaratmağa çalışdığını iddia edib.

MSNews.az xəbər verir ki, Bennet bu fikirləri ABŞ-ın əsas yəhudi təşkilatlarını birləşdirən “Conference of Presidents of Major American Jewish Organizations”-un fevral ayında Qüdsdə keçirilən toplantısında səsləndirib.

Bennet çıxışında deyib:

“Yeni türk təhlükəsi yaranır… Mən buradan xəbərdarlıq edirəm: Türkiyə yeni İrandır.”

Keçmiş baş nazir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı “mürəkkəb və təhlükəli rəqib” adlandıraraq onun İsraili regional olaraq çevrələməyə çalışdığını iddia edib.

Bennetin sözlərinə görə, Türkiyə və Qətər Suriyada təsirlərini artırıb və bu nüfuzu Yaxın Şərqin digər hissələrinə də yaymağa çalışırlar. O həmçinin Ankara və Dohanın “Müsəlman Qardaşları” xəttini gücləndirdiyini iddia edib.

Bennet daha da irəli gedərək Türkiyənin nüvə silahına malik Pakistanla birlikdə “düşmən sünni oxu” formalaşdırmağa çalışdığını bildirib. O, Suriya və Qəzza üzərindən İsrail ətrafında yeni təzyiq dairəsinin yaradıldığını iddia edib.

Bu ritorika İsrail siyasətində təkcə Bennetlə məhdudlaşmır. “Ynet” yazır ki, son aylarda İsrail siyasi və təhlükəsizlik dairələrində Türkiyənin regional rolunun İranın əvvəlki təsiri ilə müqayisə edilməsinə daha çox rast gəlinir. Bununla belə, nəşrin danışdığı ekspertlər Türkiyə ilə İranın strateji mövqelərinin eyni olmadığını və Ankaranın NATO üzvü olduğunu vurğulayırlar.

“Al Jazeera” da qeyd edir ki, Bennetin bəyanatı İsraildə Türkiyənin artan regional təsirinə dair müzakirələrin gücləndiyi bir dövrə təsadüf edib. Nəşr müxtəlif israilli siyasətçilərin Türkiyənin Suriyadakı mövqeyindən və HƏMAS-la əlaqələrindən narahatlıq ifadə etdiyini yazır.

Ankara isə bu yanaşmanı rədd edir. Türkiyənin xarici işlər naziri Hakan Fidan aprel ayında bildirib ki, İsrail rəhbərliyi İrandan sonra Türkiyəni yeni düşmən kimi təqdim etməyə çalışır.

Fidanın sözlərinə görə, “İsrail düşmənsiz yaşaya bilmir” və Netanyahu Türkiyəni yeni rəqib kimi göstərməyə çalışır.

Bununla yanaşı, Türkiyə rəsmiləri Ankaranın xarici siyasətini öz milli maraqları əsasında müəyyənləşdirdiyini və digər ölkələrin düşmənlərini avtomatik olaraq öz düşməni saymadığını bildirirlər. Fidan iyulda Türkiyənin NATO üzvü olaraq müttəfiqlik münasibətlərini qoruduğunu, eyni zamanda Rusiya, İran və digər regional aktorlarla da dialoq saxladığını vurğulamışdı.

Son aylarda Türkiyə və İsrail arasında əsas gərginlik nöqtələrindən biri Suriya olub. İsrail Türkiyənin Suriyada hərbi-siyasi təsirinin artmasını diqqətlə izləyir, Ankara isə İsrailin Suriya ərazisinə zərbələrini ölkənin sabitliyinə ciddi təhlükə adlandırır.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.