Lionel Messinin Argentina millisində son oyununa çıxacağı Beninlə yoldaşlıq görüşü öncəsi Afrika təmsilçisinin düşərgəsində təşkilati problemlərlə bağlı narazılıq yaranıb. Benin millisinin 25 saata yaxın yol getdiyi, yerləşdiyi oteldə isə bir mərtəbədə isti suyun olmadığı bildirilir.
MSNews.az xəbər verir ki, fransalı jurnalist Romen Molina Benin millisinin Buenos-Ayresə səfəri və yerləşməsi ilə bağlı ciddi problemlər yaşadığını bildirib. Onun məlumatına görə, komanda çarter reysi əvəzinə bir neçə kommersiya uçuşundan istifadə edib və ümumi səfər təxminən 25 saat çəkib.
Benin mediası “Mega Sports Media”ya istinadən yazır ki, uzun səfər zamanı milli komandanın videoanalitiklərindən biri başgicəllənmə keçirib və qısa müddətlik huşunu itirib. Üç futbolçunun isə logistika problemləri səbəbindən komandanın əsas heyəti ilə eyni vaxtda Argentinaya çata bilmədiyi bildirilir.
Komandanın yerləşdiyi otellə bağlı da şikayətlər səsləndirilib. Məlumata görə, binanın mərtəbələrindən birində isti su olmayıb, sauna işləməyib, fiziki hazırlıq üçün ayrılan zal isə peşəkar futbol komandası üçün kifayət qədər avadanlıqla təmin edilməyib. “TN” zalda cəmi iki velotrenajor və iki qaçış trenajorunun olduğunu yazır.
“El Día” isə Benin millisinin ilkin olaraq süni örtüklü meydançada məşq etməli olduğunu və zəruri məşq inventarının bir hissəsini özü təmin etməyə məcbur qaldığını bildirir. Nəşrin məlumatına görə, sonradan bəzi təşkilati problemlər aradan qaldırılıb.
Narazılıq yaradan digər məsələ oyunun maliyyə şərtləridir. Molinanın sözlərinə görə, Argentina Futbol Assosiasiyası matçdan əldə ediləcək gəlirlərin hamısını özündə saxlayacaq, Benin tərəfinə isə ayrıca qonorar ödənilməyəcək. Bu məlumatı bir neçə media orqanı da yayıb, lakin tərəflər arasındakı müqavilənin tam şərtləri ictimaiyyətə açıqlanmayıb.
Argentina və Benin milliləri oktyabrın 6-da Buenos-Ayresdəki “Monumental” stadionunda qarşılaşacaq. Matç 39 yaşlı Lionel Messinin Argentina millisində vida oyunu kimi təqdim olunur. “Reuters” görüşün Messinin iki onillikdən artıq davam edən milli komanda karyerasının son matçı olacağını yazır.