İlham Əliyev Malayziyanın yeni səfirini qəbul edib

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. Görüşdə viza rejiminin ləğvi, birbaşa aviareyslər, enerji, sərmayə və turizm sahələrində əməkdaşlıq müzakirə olunub.

72

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də Malayziyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aznifah İsnariah Binti Abdul Qanini qəbul edib. Görüşdə iki ölkə arasında viza tələbinin qarşılıqlı aradan qaldırılması və birbaşa hava əlaqəsinin yaradılması imkanları da müzakirə olunub.

MSNews.az xəbər verir ki, səfir görüş zamanı etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Dövlət başçısı Azərbaycanla Malayziya arasında dost və qardaş münasibətlərin mövcud olduğunu bildirib, iqtisadi əməkdaşlığın siyasi əlaqələrin səviyyəsinə çatdırılmasının vacibliyini vurğulayıb.

Prezident enerji, sərmayələr, turizm və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsi, həmçinin fəal siyasi dialoqun davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Bu baxımdan müxtəlif səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin roluna diqqət çəkilib.

Aznifah İsnariah Binti Abdul Qani Malayziya Kralı Sultan İbrahim və Baş nazir Ənvər İbrahimin salamlarını, eyni zamanda Prezident İlham Əliyevə Malayziyaya səfər dəvətlərini çatdırıb.

İlham Əliyev dəvəti məmnunluqla qəbul etdiyini bildirib və öz növbəsində Malayziya Kralını və Baş nazirini Azərbaycana səfərə dəvət edib.

Görüşdə iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər turizm əlaqələrinin genişləndirilməsi məqsədilə Azərbaycan və Malayziya arasında qarşılıqlı viza tələbinin aradan qaldırılması, eləcə də birbaşa hava əlaqəsinin yaradılması imkanlarını müzakirə ediblər.

Təhsil sahəsində əməkdaşlığa da toxunulub. Hazırda azərbaycanlı tələbələrin Malayziyada, Malayziyadan olan tələbələrin isə Azərbaycan dövlətinin təqdim etdiyi təqaüd proqramları əsasında ölkəmizdə təhsil aldıqları qeyd olunub.

Səfir ölkələr arasında münasibətlərin uzun illərdir yüksək səviyyədə olduğunu bildirib və diplomatik fəaliyyəti dövründə əməkdaşlığın daha da genişləndirilməsi üçün çalışacağını vurğulayıb.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.