Ermənistanın Sünik vilayətinin Şəki kəndində Azərbaycan hərbçisi saxlanılıb. Ermənistan tərəfinin açıqlamasına görə, saxlanılan hərbçi kənd sakinlərindən birini ayağından güllə ilə yaralamaqda şübhəli bilinir. Hadisə ilə bağlı cinayət işi başlanıb.
MSNews.az xəbər verir ki, Ermənistan tərəfinin yaydığı məlumata əsasən, hadisədən iki gün əvvəl – sentyabrın 29-da Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti Ermənistanın Milli Təhlükəsizlik Xidmətinə Azərbaycan hərbi hissələrindən birinin hərbi qulluqçusunun naməlum şəraitdə xidmət yerini özbaşına tərk etməsi barədə məlumat verib.
Azərbaycan tərəfinin həmin hərbçinin Ermənistan sərhədini qanunsuz keçə biləcəyini istisna etmədiyi bildirilir. Bundan sonra Azərbaycan və Ermənistanın aidiyyəti qurumları tərəfindən axtarış tədbirləri həyata keçirilib.
Ermənistan tərəfinin məlumatına görə, oktyabrın 1-də saat 14:15-də ölkənin Daxili İşlər Nazirliyinin “112” Operativ İdarəetmə Mərkəzinə Sünik vilayətinin Şəki kəndində Ermənistan vətəndaşının ayağından güllə ilə vurulması barədə məlumat daxil olub.
Hadisə yerinə Ermənistan polisinin müxtəlif bölmələrinin əməliyyat qrupları göndərilib. Aparılan tədbirlər nəticəsində atəş açmaqda şübhəli bilinən şəxsin axtarışda olan Azərbaycan hərbçisi olduğu və onun saxlanıldığı bildirilib.
Ermənistan tərəfi hadisənin təfərrüatlarının Azərbaycan tərəfinə də təqdim edildiyini açıqlayıb.
Faktla bağlı Ermənistan İstintaq Komitəsində cinayət işi başlanıb. Hadisənin bütün şəraitinin araşdırıldığı bildirilir.
Hazırda saxlanılan hərbçinin adı və xidmət etdiyi hərbi hissə açıqlanmayıb. Azərbaycan dövlət qurumlarının məsələ ilə bağlı ayrıca ictimai açıqlaması da hələlik dərc edilməyib.