Səudiyyənin neft infrastrukturu yenidən hədəfdə: Buqayq və Yənbu ilə bağlı yeni məlumatlar

Səudiyyə Ərəbistanının Buqayq, Ayn-Dar və Yənbu bölgələrində neft infrastrukturu ətrafında yeni hücumlar barədə məlumatlar yayılıb. Husilər son günlər krallığa raket və PUA zərbələrini artırıb.

73

Səudiyyə Ərəbistanının strateji neft infrastrukturu yenidən hücum təhlükəsi ilə üzləşib. Sentyabrın 30-da yayılan məlumatlarda ölkənin şərqindəki Buqayq (Abqaiq) neft emalı kompleksinin, Ayn-Dar neft yatağı ətrafının və Qırmızı dəniz sahilindəki Yənbu enerji infrastrukturunun zərbələrə məruz qaldığı bildirilir. Bununla belə, Buqayqdakı hücumun miqyası və mümkün zərər barədə Səudiyyə Ərəbistanından hələlik ətraflı rəsmi təsdiq yoxdur.

MSNews.az xəbər verir ki, açıq mənbələrdə yayılan görüntü və məlumatlarda Buqayq kompleksinə zərbə endirildiyi, Ayn-Dar neft yatağı yaxınlığında tüstünün müşahidə olunduğu bildirilir. Eyni vaxtda Yənbudakı “Saudi Aramco” obyektində əvvəlki partlayışın izlərini göstərdiyi deyilən peyk görüntüləri də yayılıb.

Hadisələr husilərin Səudiyyə Ərəbistanına qarşı raket və pilotsuz uçuş aparatı hücumlarını intensivləşdirdiyi bir dövrə təsadüf edir. Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) sentyabrın 30-da məhz son hücumların yaratdığı risklər fonunda aviaşirkətlərə Səudiyyə Ərəbistanının hava məkanından yayınmağı tövsiyə edib.

Yənbuya əvvəl də raket və PUA-larla hücum edilmişdi

Husilər sentyabrın 24-də Yənbu şəhərində yerləşən “Saudi Aramco” obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə aldıqlarını açıqlamışdılar. “Reuters” həmin vaxt Səudiyyə Ərəbistanının Yənbu və Taif istiqamətində atılan altı ballistik raketin qarşısının alındığını bildirdiyini yazmışdı. Riyad hücum nəticəsində Yənbuda zərər dəydiyini dərhal təsdiqləməmişdi.

Yənbu bölgəsində yerləşdirilmiş Yunanıstana məxsus “Patriot” hava hücumundan müdafiə sistemi də həmin hücumlar zamanı bir ballistik raket və bir PUA-nı vurub.

Sentyabrın 25–27-si arasındakı peyk görüntülərinə əsaslanan son materiallarda isə Yənbudakı “Saudi Aramco” obyektlərindən birində partlayış izlərinin və bir neçə saxlama çənində zədələrin göründüyü iddia edilir.

Lakin görüntülərdəki zərərin konkret hansı hücum nəticəsində yarandığı və onun müəssisənin fəaliyyətinə nə dərəcədə təsir etdiyi barədə “Saudi Aramco” və Səudiyyə hakimiyyətinin ətraflı açıqlaması yoxdur.

Səudiyyənin neft infrastrukturu strateji əhəmiyyət daşıyır

Buqayq kompleksi Səudiyyə Ərəbistanının neft sənayesinin ən mühüm emal qovşaqlarından biridir. Yənbu isə xüsusilə Hörmüz boğazında daşımaların pozulduğu indiki şəraitdə daha böyük strateji əhəmiyyət qazanıb.

Krallıq xam neftin bir hissəsini ölkənin şərqindən Qırmızı dənizə uzanan Şərq–Qərb boru kəməri vasitəsilə Yənbuya yönəldir. Son dövrdə bu marşrutla gündə təxminən 4 milyon barel neft daşınıb ki, bu da qlobal neft təchizatının təxminən 4 faizinə bərabərdir.

Boru kəmərinin özü də sentyabrda PUA hücumuna məruz qalıb. Həmin zərbədən sonra üç nasos stansiyası zədələnib və neft axını müvəqqəti dayanıb. Səudiyyə tərəfi bu hücumu İraqdan fəaliyyət göstərən silahlı qruplaşmalarla əlaqələndirib.

Beləliklə, son hücumlar təkcə Səudiyyə Ərəbistanının təhlükəsizliyi deyil, qlobal neft tədarükü baxımından da risk yaradır. Buqayq və Yənbudakı son hadisələrin real miqyası isə Səudiyyə hakimiyyəti və “Saudi Aramco”nun əlavə açıqlamalarından sonra daha dəqiq müəyyənləşəcək.

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.