Sabiq nazir Səlim Müslümov müəllimliyə qayıdıb

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi fəaliyyətə başlayıb.

10

Keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov yenidən akademik fəaliyyətə qayıdıb. O, Milli Aviasiya Akademiyasında iqtisadiyyat müəllimi kimi çalışmağa başlayıb.

MSNews.az xəbər verir ki, məlumatı Milli Aviasiya Akademiyası da “Anews”-a təsdiqləyib.

Müslümov üçün Milli Aviasiya Akademiyası yeni iş yeri deyil. O, 2018-ci ilin sentyabrında akademiyanın Dünya iqtisadiyyatı kafedrasında müəllim kimi fəaliyyətə başlayıb, 2019-cu ilin iyununda isə həmin kafedranın müdiri təyin edilib. Müslümov həmin vaxt təyinatını özü də mediaya təsdiqləmişdi.

İqtisad elmləri doktoru, professor Səlim Müslümov 2002–2013-cü illərdə Dövlət Sosial Müdafiə Fondunun sədri, 2013–2018-ci illərdə isə Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində çalışıb.

2021-ci ildə həbs edilmişdi

Sabiq nazir 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılmışdı. Ona xüsusilə külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvət alma ilə bağlı ittihamlar irəli sürülmüşdü.

İstintaq dövründə dəymiş ziyanın böyük hissəsinin ödənilməsi və səhhətindəki problemlər nəzərə alınaraq onun barəsində həbs qətimkan tədbiri sonradan ev dustaqlığı ilə əvəz edilmişdi.

Bakı Ağır Cinayətlər Məhkəməsi 2024-cü ilin yanvarında Müslümovu Cinayət Məcəlləsinin 179.4, 308.2 və 311-ci maddələri ilə təqsirli bilərək ona 5 il sınaq müddəti olmaqla 11 il şərti cəza verib. Hökmə əsasən, üzərinə həbs qoyulmuş və ümumi dəyəri təxminən 8 milyon manat qiymətləndirilən bir sıra daşınmaz əmlaklar da müsadirə edilib.

Beləliklə, sabiq nazir bir neçə illik fasilədən sonra Milli Aviasiya Akademiyasına qayıdaraq bu dəfə iqtisadiyyat müəllimi kimi fəaliyyətini davam etdirir.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Xəbər lenti