İran müharibəsində yaralanan ABŞ hərbçilərinin sayı artdı

“The Washington Post”un məlumatına görə, Pentaqon İranla müharibədə yaralanan ABŞ hərbçilərinin rəsmi sayına daha 37 nəfər əlavə edib. Ümumi yaralı sayı 861-ə yüksəlib.

11

Pentaqon İranla müharibə zamanı yaralanan ABŞ hərbçilərinin rəsmi sayını bu həftə izahat vermədən daha 37 nəfər artırıb. Bununla ABŞ Müdafiə Nazirliyinin məlumat bazasında münaqişə zamanı yaralanan hərbçilərin ümumi sayı 861-ə çatıb.

MSNews.az xəbər verir ki, bunu Pentaqonun hərbi itkilərə dair açıq məlumat bazasını — Defense Casualty Analysis System (DCAS) sistemini araşdıran “The Washington Post” müəyyən edib.

Yeni statistikaya ABŞ Hərbi Dəniz Qüvvələrinin 29 hərbçisi və 8 dəniz piyadası əlavə olunub. Pentaqon onların nə zaman, harada və hansı şəraitdə yaralandığını açıqlamayıb. Son dövrdə bu 37 nəfərin yaralanmasını izah edə biləcək ayrıca hərbi insident barədə də rəsmi məlumat verilməyib.

ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmisi qəzetə bildirib ki, siyahıya yeni daxil edilən 29 dənizçinin hamısı artıq xidməti vəzifələrinin icrasına qayıdıb. Onların aldığı xəsarətlərin xarakteri barədə isə məlumat verilməyib. Səkkiz dəniz piyadasının vəziyyəti haqqında da əlavə açıqlama yoxdur.

DCAS məlumatlarına görə, 861 yaralının yarıdan çoxu iyulda ABŞ və İran arasında əldə edilmiş, daha sonra pozulmuş atəşkəsdən sonrakı dövr üçün yaradılmış “Overseas Operations” kateqoriyasında qeydə alınıb. Münaqişənin əvvəlki mərhələsindəki itkilər isə ABŞ administrasiyasının İranla hərbi əməliyyatlara verdiyi “Operation Epic Fury” adı altında hesablanırdı.

Pentaqonun itkilərlə bağlı rəqəmləri müharibə ərzində dəfələrlə sonradan yenilənib. Məsələn, mart ayında ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi bəzi xəsarətlərin, xüsusilə travmatik beyin zədələrinin simptomları gec üzə çıxdığı üçün statistikaya sonradan əlavə oluna bildiyini bildirmişdi.

Avqustun 21-də rəsmi məlumat bazasında İran müharibəsində yaralanmış ABŞ hərbçilərinin sayı 756 nəfər göstərilirdi. Sonrakı yeniləmələrlə bu rəqəm 861-ə yüksəlib.

“The Washington Post” daha əvvəl Pentaqonun İran müharibəsi ilə əlaqəli hərbi itkiləri necə təsnif etməsi və açıqlaması ilə bağlı sualların yarandığını da yazmışdı. Sentyabrın 18-də qəzet ABŞ rəsmilərinə istinadən faktiki ölüm sayının həmin vaxt açıq DCAS bazasında göstəriləndən yüksək ola biləcəyini bildirmişdi.