Altı Avropa İttifaqı ölkəsi 2 trilyon avroluq büdcənin azaldılmasını istəyir

Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç Aİ-nin 2028–2034-cü illər büdcəsi üzrə ortaq mövqe açıqlayıb. Ölkələr təxminən 2 trilyon avroluq təklifin bir neçə yüz milyard avro azaldılmasını tələb edir.

32

Almaniya, Danimarka, Niderland, Avstriya, Finlandiya və İsveç Avropa İttifaqının 2028–2034-cü illər üçün nəzərdə tutulan növbəti uzunmüddətli büdcəsi ilə bağlı vahid mövqe formalaşdıraraq Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq məbləğin bir neçə yüz milyard avro azaldılmasını tələb ediblər.

Altı ölkənin mövqeyi avqustun 27-də Berlində keçirilən görüşdən sonra açıqlanıb. Almaniya kansleri Fridrix Merts danışıqlarda qrupun “realizm və islahatlar” xəttini müdafiə edəcəyini bildirib. Görüşdə Almaniya, Danimarka, Avstriya və Finlandiya liderləri şəxsən iştirak edib, Niderland və İsveç nümayəndələri isə videobağlantı vasitəsilə qoşulublar.

Ortaq bəyanatda qeyd olunur ki, Aİ-nin növbəti Çoxillik Maliyyə Çərçivəsi XXI əsrin təhlükəsizlik və iqtisadi çağırışlarına uyğunlaşdırılmalı, həm struktur, həm də vəsaitlərin bölüşdürülməsi baxımından modernləşdirilməlidir.

Altı ölkə təhlükəsizlik və müdafiə, rəqabətqabiliyyətlilik, miqrasiya və Avropanın suverenliyini əsas prioritetlər kimi göstərib. Onların fikrincə, Aİ büdcəsi bu istiqamətlərə daha çox vəsait yönəltməlidir, lakin ümumi xərclərin artımı məhdud və maliyyə baxımından dayanıqlı olmalıdır.

Bəyanatda vurğulanır ki, üzv dövlətlərin əksəriyyəti milli səviyyədə ciddi fiskal konsolidasiya tədbirləri gördüyü bir vaxtda Aİ büdcəsi də bundan kənarda qala bilməz.

“Avropa İttifaqı milli büdcələrdə olduğu kimi aydın seçimlər etməli və prioritetləri yenidən müəyyənləşdirməlidir”, – sənəddə bildirilir.

Altı ölkə Avropa Komissiyasının təklif etdiyi təxminən 2 trilyon avroluq büdcənin bir neçə yüz milyard avro azaldılmasını tələb edir. Bəyanatda ayrıca qeyd olunur ki, ixtisar yükü yalnız kənd təsərrüfatı, regional fondlar və ya başqa bir sahənin üzərinə qoyulmamalı, bütün büdcə istiqamətləri qənaətdə iştirak etməlidir.

“Reuters” bildirir ki, Almaniya bundan əvvəl büdcənin təxminən 400 milyard avro azaldılması variantını gündəmə gətirmişdi. Lakin altı ölkə hələ konkret ümumi ixtisar rəqəmi üzrə razılığa gəlməyib və ortaq sənəddə yalnız “bir neçə yüz milyard avro” ifadəsi işlədilib.

Bununla yanaşı, ölkələr Aİ-nin yeni ümumi borclanma mexanizmlərinin yaradılmasına qarşı çıxıblar. Ortaq bəyanatda bildirilir ki, yeni birgə borc struktur islahatlarını əvəz edə bilməz və büdcə problemlərinin həlli sayıla bilməz.

Altılıq həmçinin Aİ fondlarına çıxışın hüququn aliliyinə və İttifaqın fundamental dəyərlərinə riayət şərti ilə əlaqələndirilməsini, Avropa institutlarının isə əlavə işçi heyəti artırmadan mövcud resurslarla fəaliyyət göstərməsini istəyir.

Avstriya kansleri Kristian Ştoker Berlindəki görüşdən sonra bildirib ki, yeni büdcə ümumi həcm baxımından “əhəmiyyətli dərəcədə daha kiçik” olmalı, eyni zamanda Avropanın müdafiə, rəqabətqabiliyyətlilik və digər strateji istiqamətlər üzrə fəaliyyət imkanlarını saxlamalıdır.

Altı ölkə 2028–2034 maliyyə çərçivəsi üzrə danışıqların 2026-cı il ərzində yekunlaşdırılması məqsədini dəstəklədiyini bildirib. Bütün 27 üzv dövlətin razılığı tələb olunduğundan yekun kompromis üçün danışıqların çətin keçəcəyi gözlənilir. Avropa Şurasının prezidenti Antonio Koşta hazırda üzv ölkələrlə intensiv məsləhətləşmələr aparır.

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.