Ukraynada ticarət və logistika obyektlərinə son hücumlardan sonra “Silpo” da daxil olmaqla bəzi pərakəndə satış şəbəkələri cəbhəyanı şəhərlərdə hava həyəcanı zamanı mağazaların fəaliyyətini müvəqqəti dayandırmağa başlayıb.
MSNews.az xəbər verir ki, qərar son həftələrdə ticarət mərkəzləri, supermarketlər və pərakəndə şəbəkələrin logistika obyektlərinə endirilən zərbələr fonunda təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirilir. “Silpo”nun rəsmi məlumatına görə, avqustun 21-də Krivoy Roqda yerləşən “Sonyachna Halereya” ticarət kompleksinə PUA hücumu zamanı kompleksdə fəaliyyət göstərən “Silpo” supermarketi də zərər görüb. Şirkət hücum nəticəsində ölən və yaralananların olduğunu, əməkdaşlarından ikisinin xəstəxanaya aparıldığını açıqlayıb.
“Suspilne” yazır ki, Krivoy Roqdakı hücumdan sonra Dnepropetrovsk vilayətində ticarət mərkəzlərinin hava həyəcanı zamanı insanların təxliyəsi və təhlükəsizlik qaydalarına əməl etməsi məsələsi yenidən gündəmə gəlib. Hücum zamanı kompleksdə yüzlərlə insanın olduğu bildirilir.
“Silpo” və digər Ukrayna pərakəndə şəbəkələrinin logistika infrastrukturu da son həftələrdə ciddi zərər görüb. Avqustun 5-də həyata keçirilən raket hücumu nəticəsində “Fozzy Group”un dörd paylama mərkəzi zədələnib. “Suspilne” şirkətə istinadən hücumun “Silpo” və “Fora” mağazalarının təchizatına ciddi təsir etdiyini bildirib.
“Reuters” də avqustun əvvəlindəki hücumlar zamanı “Silpo”, “Fozzy”, “Epicentr” və digər iri Ukrayna şirkətlərinin logistika və anbar obyektlərinin zərər gördüyünü yazıb.
Bununla belə, mağazaların hava həyəcanı zamanı bağlanması bütün Ukrayna ərazisini əhatə edən vahid yeni rejim kimi təqdim edilmir. Mövcud məlumatlar tədbirin əsasən hücum riskinin daha yüksək olduğu cəbhəyanı şəhərlərdə və ayrı-ayrı ticarət obyektlərində təhlükəsizlik məqsədilə tətbiq edildiyini göstərir.