İlham Əliyev: “Mərkəzi Asiya və Azərbaycan vahid geosiyasi regiondur”

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət başçıları Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsini, investisiya layihələrini və regional əməkdaşlığı qiymətləndiriblər.

20

Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Daşkənddə keçirilən yüksək səviyyəli görüşlərin yekunlarına dair mətbuata bəyanatlarla çıxış ediblər.

Prezident İlham Əliyev Azərbaycanla Özbəkistan arasında münasibətlərin həm mənəvi, həm də maddi baxımdan möhkəm təməl üzərində qurulduğunu bildirib. Dövlət başçısı iki ölkənin enerji, nəqliyyat, investisiya, turizm, dağ-mədən sənayesi, avtomobil istehsalı, kənd təsərrüfatı, bank və digər sahələrdə əməkdaşlığının sürətlə genişləndiyini vurğulayıb.

İlham Əliyev Azərbaycanın aparıcı banklarından birinin Özbəkistan bazarına, SOCAR-ın isə ölkənin pərakəndə yanacaq sektoruna daxil olduğunu qeyd edib. Onun sözlərinə görə, neft-qaz kəşfiyyatı üzrə layihələr son mərhələyə yaxınlaşır və nəticələr uğurlu olarsa, gələn il istismar quyularının qazılmasına başlanması nəzərdə tutulur.

Dövlət başçısı Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın genişlənməsinə də toxunub.

“Bu gün Mərkəzi Asiya və Azərbaycan böyük potensiala, eyni zamanda, bundan da böyük inkişaf imkanlarına malik vahid geosiyasi və geoiqtisadi regiondur”, – Prezident bildirib. 

İlham Əliyev iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard dollara çatdırılması hədəfinin artıq real perspektiv olduğunu bildirib. Prezident qarşılıqlı investisiyaların milyardlarla dollar həcmində layihələrə çevrildiyini, regional əməkdaşlıq və Azərbaycan-Özbəkistan İnvestisiya Fondunun bu prosesdə mühüm rol oynadığını qeyd edib.

Dövlət başçısı Özbəkistanın Qarabağın bərpasına verdiyi töhfəni də xüsusi vurğulayıb. O, Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisini və Xankəndidə həyata keçirilən sənaye layihəsini xatırladaraq Şavkat Mirziyoyevin bu istiqamətdə rolunu yüksək qiymətləndirib.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev isə İlham Əliyevin hazırkı dövlət səfərini “tarixi əhəmiyyət daşıyan” hadisə adlandırıb. O, Azərbaycanla imzalanan Əbədi dostluq haqqında Müqavilənin münasibətlərin çatdığı yüksək səviyyəni göstərdiyini bildirib.

Mirziyoyev həmçinin Azərbaycan və Özbəkistan əməkdaşlığının artıq ikitərəfli gündəliyin hüdudlarını aşdığını, iki ölkənin beynəlxalq arenada bir çox məsələlər üzrə vahid mövqedən çıxış etdiyini bildirib. Onun sözlərinə görə, Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri formatına qoşulması Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid qarşılıqlı əlaqə məkanının formalaşmasına töhfə verib.

Bəyanatının sonunda Prezident İlham Əliyev Şavkat Mirziyoyevi onun üçün əlverişli vaxtda Azərbaycana dövlət səfərinə dəvət edib.