Azərbaycan və Özbəkistan Əbədi dostluq haqqında Müqavilə imzalayıb

Prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Daşkənddə Azərbaycan ilə Özbəkistan arasında Əbədi dostluq haqqında Müqavilə imzalayıblar. Sənəd siyasi, iqtisadi və təhlükəsizlik əməkdaşlığını daha da möhkəmləndirir.

23

Azərbaycan və Özbəkistan arasında münasibətlərin daha da möhkəmləndirilməsini nəzərdə tutan “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb.

MSNews.az xəbər verir ki, sənədi avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev imzalayıblar. Müqaviləyə əsasən, iki ölkə münasibətlərini əbədi dostluq, qarşılıqlı etimad, strateji tərəfdaşlıq və müttəfiqlik prinsipləri üzərində qurduqlarını təsdiqləyiblər.

Sənəddə Azərbaycan və Özbəkistanın bir-birinin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran blok və ittifaqlarda iştirak etməməsi nəzərdə tutulur. Tərəflər həmçinin öz ərazilərinin üçüncü dövlətlər tərəfindən digər tərəfə qarşı istifadə olunmasına, eləcə də qarşı tərəfin suverenliyi və təhlükəsizliyinə təhdid yaradan təşkilat və qrupların fəaliyyətinə yol verməmək öhdəliyi götürüblər.

Müqavilə siyasi dialoq və parlamentlərarası əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın da genişləndirilməsini nəzərdə tutur. Tərəflər energetika, nəqliyyat və logistika, kənd təsərrüfatı, rəqəmsal və “yaşıl” iqtisadiyyat, elektron ticarət, informasiya-kommunikasiya və kosmik texnologiyalar sahələrində birgə layihələrin həyata keçirilməsinə şərait yaratmaq barədə razılığa gəliblər. Nəqliyyat dəhlizlərinin tranzit potensialının artırılması da əsas istiqamətlər sırasındadır.

Təhsil, elm, tibb, mədəniyyət, turizm, gənclər və idman sahələrində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan və özbək dillərinin qarşılıqlı öyrənilməsinin təşviqi, eləcə də şəhərlər və regionlar arasında birbaşa tərəfdaşlıq əlaqələrinin inkişafı da sənəddə əksini tapıb.

Bakı və Daşkənd eyni zamanda münaqişələrin qarşısının alınması və nizamlanmasında, regional və qlobal təhlükəsizlik məsələlərinin həllində BMT-nin mərkəzi rolunun gücləndirilməsinə sadiqliklərini təsdiqləyiblər.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev açıqlamasında müqaviləni Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin göstəricisi kimi qiymətləndirib. İki ölkə arasında 2024-cü ildə imzalanmış Müttəfiqlik münasibətləri haqqında Müqavilə isə dövlətlərarası əlaqələri artıq müttəfiqlik səviyyəsinə yüksəltmişdi.