Avqustun 23-də Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclası keçirilib.
MSNews.az xəbər verir ki, iclas Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutub.
İclasdan əvvəl İlham Əliyev və Şavkat Mirziyoyev arasında təkbətək görüş keçirilib. Azərbaycan dövlət başçısı avqustun 23-də Özbəkistana dövlət səfərinə gəlib. Səfər avqustun 23-24-nü əhatə edir.
Özbəkistan Prezidentinin rəsmi saytında səfər ərəfəsində açıqlanan gündəliyə əsasən, Ali Dövlətlərarası Şuranın iclasında iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi, ticarət dövriyyəsinin artırılması, biznes və regionlararası əməkdaşlığın genişləndirilməsi, nəqliyyat-tranzit imkanlarından səmərəli istifadə və mədəni-humanitar əlaqələr əsas müzakirə mövzuları sırasındadır. Tərəflərin beynəlxalq və regional məsələlər ətrafında da fikir mübadiləsi aparması nəzərdə tutulub.
Görüş zamanı Azərbaycan və Özbəkistanın həyata keçirdiyi ikitərəfli layihələrə həsr olunmuş videoçarx da nümayiş etdirilib.
Ali Dövlətlərarası Şura 2023-cü ildə yaradılıb və iki ölkə arasında əməkdaşlığın ən yüksək institusional mexanizmlərindən biri hesab olunur. Şuranın birinci iclası 2024-cü ildə Daşkənddə, ikinci iclası isə 2025-ci ildə Bakıda keçirilib. Prezident İlham Əliyev səfər ərəfəsində Özbəkistanın “UzA” agentliyinə müsahibəsində Şuranı strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi üçün mühüm mexanizm adlandırıb.





