“Ştutqart”ın yeni transferi Qrişa Prömel komanda yoldaşlarının Mercedes xidməti avtomobillərindən istifadə etməsinə baxmayaraq, təxminən 20 illik “Ford Fiesta” ilə məşqlərə gəlməyə davam edir.
MSNews.az xəbər verir ki, “Sport1”-ə müsahibəsində 31 yaşlı yarımmüdafiəçi avtomobilin bütün peşəkar karyerası boyunca onu müşayiət etdiyini və hələlik ondan ayrılmaq niyyətində olmadığını bildirib.
Mavi rəngli “Ford Fiesta”-nın Prömel üçün xüsusi ailə tarixçəsi də var. “Express” yazır ki, avtomobili əvvəlcə futbolçunun nənə və babası onun böyük qardaşına 18 yaş münasibətilə hədiyyə edib. Daha sonra maşın Prömelə keçib və o, peşəkar futbolçu olduqdan sonra da avtomobili dəyişməyib.
Prömel deyir ki, köhnə avtomobili komanda daxilində zarafat mövzusuna çevrilib. Xüsusilə Deniz Undavın demək olar hər səhər bununla bağlı ona söz atdığını bildirən futbolçu artıq “bütün zarafatları eşitdiyini” deyib. Onun sözlərinə görə, Fiesta ciddi problem yaratmadığı müddətdə yeni avtomobil almağa ehtiyac görmür.
“Mercedes-Benz” “Ştutqart”ın mobil tərəfdaşıdır və klubun futbolçuları xidməti avtomobillərlə təmin olunur. “Express”in məlumatına görə, rəsmi oyunçu dayanacağından yalnız həmin xidməti avtomobillərlə gələnlər istifadə edə bilir. Prömel isə öz “Ford”-u ilə gəldiyi üçün avtomobili klub bazasının kənarında saxlamalı olur.
Prömel 2026-cı ilin mayında “Hoffenhaym”dan “Ştutqart”a keçib və klubla 30 iyun 2029-cu ilədək müqavilə imzalayıb. Futbolçu Bad Kannstattda doğulub, Esslingendə böyüyüb və uşaqlıqdan “Ştutqart” azarkeşi olduğunu bildirib.