Venesuelanın neft ixracını köhnəlmiş limanlar ləngidir

Venesuela neft hasilatını və ABŞ-yə tədarükü artırsa da, köhnəlmiş liman infrastrukturu və yükləmə gecikmələri ixracın daha sürətli artmasına mane olur. Bəzi tankerlər yüklənmək üçün 30 günədək gözləyir.

25

Venesuelada neft hasilatı və ixracı artsa da, köhnəlmiş liman infrastrukturu ölkənin satış imkanlarını məhdudlaşdırmağa başlayıb. Bəzi tankerlər yüklənmək üçün 30 günədək növbədə qalır.

MSNews.az xəbər verir ki, “Reuters”-in məlumatına görə, ABŞ energetika nazirinin müavini Kayl Haustveyt Venesuelanın hazırda sutkada təxminən 1,25 milyon barel neft hasil etdiyini bildirib. Onun sözlərinə görə, son aylarda bunun 500 min bareldən çoxu ABŞ-yə, əsasən Venesuelanın ağır neftinin emalı üçün uyğunlaşdırılmış neft emalı zavodlarına göndərilir. ABŞ eyni zamanda Venesuelaya hasilatda ağır neftlə qarışdırılmaq üçün sutkada 100 min bareldən çox nafta tədarük edir.

PDVSA-nın vitse-prezidenti Covani Martines isə Venesuelanın neft ixracının ilin əvvəlindən 19,7 faiz artdığını, hasilatın avqustun sonuna sutkada 1,245 milyon barelə çatmasının gözlənildiyini açıqlayıb. O, həmçinin ölkənin neft emalı müəssisələrinin modernləşdirilməsi və genişləndirilməsinə ehtiyac olduğunu bildirib.

Lakin hasilat artımının ixraca çevrilməsində əsas maneələrdən biri limanların vəziyyətidir. “Reuters” gəmi hərəkəti məlumatları, sənədlər və sektordakı mənbələrə istinadən yazır ki, köhnəlmiş avadanlıq, elektrik enerjisinin kəsilməsi, neftin keyfiyyəti ilə bağlı problemlər və rezervuarlardan tankerlərə aşağı ötürmə sürəti yükləmələri ciddi şəkildə gecikdirir. PDVSA və tərəfdaşları son aylarda ixracı sutkada təxminən 1,25 milyon bareldən yuxarı qaldıra bilməyiblər.

Venesuelanın ümumi neft ixracının təxminən 70 faizini həyata keçirən Xose terminalında bu il avadanlıq nasazlığı, elektrik kəsintiləri və keyfiyyət problemləri səbəbindən dəfələrlə fasilələr qeydə alınıb. Puerto-La-Krusdakı Quaraquao terminalında isə avqustun ortalarında yeddi körpüdən yalnız ikisi tam işlək vəziyyətdə olub.

Gecikmələr PDVSA üçün əlavə maliyyə yükü də yaradır. Tankerlərin müəyyən edilmiş yükləmə müddətini aşaraq limanda qalmasına görə şirkətə minlərlə dollar həcmində gecikmə haqqı — demuraj hesablanır. Limanlarda yer çatışmazlığını əvvəllər sanksiyalar dövründə istifadə edilmiş və hazırda körpüləri tutan bəzi tankerlər də ağırlaşdırır.