“Şaxtyor” Çempionlar Liqası oyunlarını Londonda keçirəcək

Donetsk “Şaxtyor”u 2026/27 mövsümündə Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunlarını Londonda, “Çelsi”nin “Stamford Bridge” stadionunda keçirəcək. Razılaşma müvafiq tənzimləyici qurumların təsdiqindən sonra qüvvəyə minəcək.

35

Ukraynanın “Şaxtyor” klubu 2026/27 mövsümündə UEFA Çempionlar Liqasının liqa mərhələsindəki ev oyunlarını Londonda – “Çelsi”yə məxsus “Stamford Bridge” stadionunda keçirəcək.

MSNews.az xəbər verir ki, bu barədə həm “Şaxtyor”un rəsmi saytı, həm də “Çelsi”nin rəsmi saytı məlumat yayıb. Razılaşmanın qüvvəyə minməsi üçün müvafiq tənzimləyici təsdiqlərin alınması tələb olunur.

Razılaşmaya əsasən, “Şaxtyor” Çempionlar Liqasının liqa mərhələsindəki dörd ev qarşılaşmasının hamısını “Stamford Bridge”də keçirəcək. Klub artıq bütün dörd oyun üçün bilet paketlərinin satışına da başladığını açıqlayıb.

“Şaxtyor” açıqlamasında London stadionunda oynamaq imkanını xüsusi fürsət adlandıraraq “Çelsi”yə təşəkkür edib. London klubu isə ukraynalıların oyunlarının təhlükəsiz və problemsiz təşkili üçün “Şaxtyor”la yaxından əməkdaşlıq edəcəyini bildirib.

Bu seçimə “Stamford Bridge”in avrokubok təqvimində boş qalması da imkan verib. “Çelsi” ötən mövsüm İngiltərə Premyer Liqasını 10-cu pillədə başa vurduğu üçün 2026/27 mövsümündə heç bir UEFA klub turnirində iştirak etməyəcək.

“Şaxtyor” Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən uzun müddətdir Avropa kuboklarında ev oyunlarını ölkə xaricində keçirir. Klub 2014-cü ildən Donetskdəki “Donbass Arena”da oynaya bilmir, son illərdə isə Varşava, Hamburq, Gelzenkirxen, Krakov və Lyublyana kimi şəhərlərdə rəqiblərini qəbul edib.

Qeyd edək ki, hazırkı rəsmi açıqlama yalnız Çempionlar Liqasının liqa mərhələsinə aiddir. “Şaxtyor” pley-off mərhələsinə vəsiqə qazanacağı halda sonrakı ev oyunlarının da “Stamford Bridge”də keçirilib-keçirilməyəcəyi hələ açıqlanmayıb.