İranla müharibədə ABŞ-ın 757 hərbçisi yaralanıb

Pentaqonun yenilənmiş rəsmi məlumatlarına görə, İranla müharibə başlayandan bəri 757 ABŞ hərbçisi yaralanıb, 18 hərbçi isə həlak olub. Son yeniləmədə 50-dən çox yeni yaralanma halı statistikaya əlavə edilib.

36

ABŞ Müdafiə Nazirliyinin yenilənmiş məlumatlarına görə, İranla hərbi əməliyyatlar başlayandan bəri 757 amerikalı hərbçi yaralanıb, 18 hərbçi isə həlak olub.

MSNews.az xəbər verir ki, “Associated Press” Pentaqonun “Defense Casualty Analysis System” (DCAS) bazasına istinadən son yeniləmə zamanı ümumi statistikaya 50-dən çox yeni yaralanma halının əlavə edildiyini bildirib. Beləliklə, fevralın 28-dən bəri yaralanan ABŞ hərbçilərinin sayı 757-yə çatıb.

Yaralananların 580-dən çoxu Quru Qoşunlarının hərbçiləridir. Bundan başqa, statistikada 86 dənizçi, 64 Hərbi Hava Qüvvələri əməkdaşı və 19 dəniz piyadası yer alır. Pentaqonun məlumat bazasında münaqişə dövründə ümumilikdə 18 ABŞ hərbçisinin ölümü qeydə alınıb.

Pentaqon iyulun sonunda itkilərin hesablanması qaydasını dəyişib. Müharibənin ilk mərhələsindəki itkilər “Operation Epic Fury” kateqoriyasında saxlanıldığı halda, iyulun 7-dən sonrakı itkilər ayrıca “Overseas Operations” bölməsinə daxil edilir. Buna görə münaqişənin ümumi itki sayını müəyyənləşdirmək üçün hər iki kateqoriyanın göstəriciləri birlikdə hesablanır.

Pentaqon və ABŞ Mərkəzi Komandanlığı yaralanmaların konkret hansı hücumlarda və hansı şəraitdə baş verdiyi barədə məhdud məlumat yayıb. “Associated Press” yazır ki, rəsmilərin açıqlamalarına əsasən, yaralanmaların böyük hissəsini raket və dron partlayışlarının təsiri ilə əlaqəli travmatik beyin xəsarətləri təşkil edir.

ABŞ-da itkilərin açıqlanması qaydası daha əvvəl də müzakirələrə səbəb olmuşdu. Pentaqonun məlumat bazasında rəqəmlərin dəyişməsi və bəzi itkilərin yeni kateqoriyaya keçirilməsi fonunda bir qrup senator Müdafiə Nazirliyindən daha şəffaf hesabat tələb etmişdi.