“Tottenham”ın “Mançester Siti”dən Savinyo və Omar Marmuşu eyni transfer pəncərəsində almağa çalışması İngiltərədə azarkeşlər arasında maraqlı maliyyə nəzəriyyəsinin yayılmasına səbəb olub. İddiaya görə, klublar Savinyo üçün məbləği süni şəkildə yüksəldərək Marmuşun qiymətini aşağı göstərməklə onun keçmiş klubu “Ayntraxt Frankfurt”a çatacaq gələcək satış payını azaltmağa çalışırlar.
Lakin MSNews.az-ın apardığı araşdırma göstərir ki, bu iddia hazırda əsasən azarkeş müzakirələrinə söykənir və etibarlı mənbələr tərəfindən təsdiqlənməyib.
“Reuters”in son məlumatına görə, “Tottenham” Savinyo üçün “Mançester Siti” ilə 75 milyon funt sterlinq və əlavə 10 milyon funt bonus nəzərdə tutan razılaşmaya gəlib. Beləliklə, transferin ümumi dəyəri 85 milyon funta çata bilər. Klublar eyni zamanda Marmuşla bağlı ayrıca danışıqlar aparırlar.
“Guardian” isə Marmuş üçün müzakirə olunan məbləği təxminən 75 milyon funt göstərir. Bu rəqəm “Mançester Siti”nin 2025-ci ilin yanvarında futbolçunu “Ayntraxt”dan aldığı təxminən 59 milyon funtdan daha yüksəkdir. Buna görə Marmuşun “bazar qiymətindən xeyli aşağı satılması” versiyası hazırkı nüfuzlu mənbələrin məlumatları ilə uyğun gəlmir.
Maraqlıdır ki, Savinyonun hazırkı qiyməti də son anda süni şəkildə ortaya çıxmayıb. Braziliyanın “ge” nəşri hələ avqustun 13-də “Tottenham”ın futbolçu üçün 85 milyon funtluq təklif etdiyini və bunun “Mançester Siti”nin əvvəlki tələb etdiyi məbləğə uyğun gəldiyini yazmışdı.
Azarkeşlərin nəzəriyyəsinin əsasını isə “Ayntraxt”ın Marmuşun növbəti satışından 15 faiz pay almaq hüququna malik olduğu iddiası təşkil edir. Lakin nə “Ayntraxt”ın rəsmi açıqlamasında, nə “Mançester Siti”nin transfer məlumatında, nə də “Reuters”, “The Guardian” və digər aparıcı mənbələrin materiallarında bu 15 faizlik bənd təsdiqlənir. “Ayntraxt” yalnız Marmuşun 2025-ci ildə “Siti”yə transfer olunduğunu rəsmən açıqlayıb, müqavilədə gələcək satışdan payın olub-olmadığını ictimailəşdirməyib.
“Mançester Siti”nin iki transferin qiymətlərini məqsədli şəkildə bölüşdürərək Frankfurta düşəcək ödənişi azaltması barədə versiya bəzi azarkeş forumlarında və “SB Nation”ın “Tottenham”a həsr olunan səhifəsində də müzakirə edilib. Həmin materialın özü də bunu azarkeşlər arasında yayılan nəzəriyyə kimi təqdim edir, təsdiqlənmiş transfer mexanizmi kimi yox.