Ukrayna rəsmilərinin 2026-cı ilin əvvəlində Prezident Volodimir Zelenskiyə Moskvanın hava limanlarının fəaliyyətini uzun müddət iflic etməyi nəzərdə tutan məxfi dron əməliyyatı təklif etdiyi bildirilir.
MSNews.az xəbər verir ki, “The Atlantic” iki məlumatlı mənbəyə istinadən layihənin “M&Ms” kod adı aldığını yazıb. Plana əsasən, Rusiya hava hücumundan müdafiə sistemlərini yükləmək üçün Moskva və ətrafındakı hava limanlarına bir gecədə 1000-dək ucuz, süni intellektlə idarə olunan avtonom dron göndərilməsi nəzərdə tutulurdu. Məqsəd beynəlxalq aviaşirkətlərin Moskva istiqamətində uçuşlarını dayandırmaq və bununla Rusiya rəhbərliyinə əlavə təzyiq yaratmaq idi.
Nəşrin məlumatına görə, dronların operator tərəfindən son mərhələdə idarə olunması nəzərdə tutulmurdu. Onlar kameralar, əvvəlcədən yüklənmiş xəritələr və süni intellekt əsaslı “map matching” texnologiyası vasitəsilə ərazini tanımalı və hədəfə müstəqil istiqamətlənməli idilər. Bu yanaşma Rusiyanın elektron mübarizə və siqnalboğma sistemlərindən asılılığı azaltmaq üçün hazırlanırdı.
Zelenski isə planın mülki aviasiya üçün yarada biləcəyi təhlükələrdən ciddi narahat olub. Mənbələrin sözlərinə görə, o, sərnişin təyyarəsinin təsadüfən vurulması və hava limanlarında mülki şəxslərin həlak olması riskini xüsusilə qeyd edib. Buna baxmayaraq, prezident yaz və yayın əvvəllərində layihə üzrə müəyyən hazırlıq işlərinin davam etdirilməsinə icazə verib.
“The Atlantic” layihənin əsas təşkilatçılarından birinin Ukraynanın o zamankı müdafiə naziri Mixaylo Fedorov olduğunu bildirir. İddiaya görə, Fedorov süni intellekt naviqasiya sistemlərini hazırlamaq üçün ukraynalı proqramçılardan ibarət komanda formalaşdırıb və avtonom dronların kütləvi istehsalı üçün Avropadakı tərəfdaşlardan maliyyə əldə edib. Fedorov iyulda vəzifədən uzaqlaşdırıldıqdan sonra əməliyyat üzrə hazırlıqlar dayandırılıb.
Lakin Ukrayna Prezident Ofisi belə bir əməliyyatın mövcudluğunu təkzib edib. Prezident administrasiyasının adı açıqlanmayan rəsmisi “The Atlantic”-a məlumatı “tamamilə cəfəngiyat” adlandırıb. Rəsmi bildirib ki, Ukrayna dron hücumları vasitəsilə Rusiya hava limanlarının müvəqqəti bağlanmasına nail olsa da, mülki hava limanlarını təhlükəsiz və dəqiq vurmağa imkan verən etibarlı uzaqmənzilli silahlara malik deyil. Ukraynanın “Ukrainska Pravda” nəşri də planın mövcudluğuna dair rəsmi təsdiqin olmadığını vurğulayıb.