Süni intellektdən hətta qısa müddət ərzində hazır cavablar almaq üçün istifadə edilməsi insanların sonrakı müstəqil problem həll etmə göstəricilərini və tapşırıq üzərində çalışma əzmini zəiflədə bilər.
MSNews.az xəbər verir ki, apreldə dərc edilən və avqustda yenilənən “AI Assistance Reduces Persistence and Hurts Independent Performance” adlı araşdırmada 1 222 nəfərin iştirakı ilə üç randomizə edilmiş təcrübə aparılıb. Tədqiqatçılar riyazi düşünmə və oxuyub-anlama tapşırıqlarında süni intellekt dəstəyinin nəticələrini qiymətləndiriblər. Araşdırmanın tam mətni “arXiv” platformasında dərc olunub.
Təcrübələrdə iştirakçıların bir hissəsinə tapşırıqları yerinə yetirərkən GPT-5 əsaslı süni intellekt köməkçisindən istifadə imkanı verilib, nəzarət qrupu isə müstəqil çalışıb. Süni intellektdən istifadə edənlər köməkçi əlçatan olduğu müddətdə daha yüksək nəticə göstəriblər. Lakin təxminən 10–15 dəqiqədən sonra AI dəstəyi götürüldükdə onların bir hissəsinin nəticələri nəzarət qrupundan aşağı olub.
İlk riyaziyyat təcrübəsində süni intellektdən istifadə edən qrup köməkçi götürüldükdən sonra sualların orta hesabla 57 faizini, nəzarət qrupu isə 73 faizini düzgün həll edib. AI qrupu tapşırıqların 20 faizini cavablandırmadan keçdiyi halda, digər qrupda bu göstərici 11 faiz olub. Təkmilləşdirilmiş ikinci təcrübədə fərq daha kiçik olsa da, yenə statistik əhəmiyyət daşıyıb: müstəqil mərhələdə nəticələr 71 faizə qarşı 77 faiz olub.
Oxuyub-anlama təcrübəsində də oxşar mənzərə müşahidə edilib. Süni intellekt dəstəyi almış iştirakçıların müstəqil mərhələdə düzgün cavab göstəricisi 76 faiz, nəzarət qrupunda isə 89 faiz təşkil edib. Birinci qrup sualları cavablandırmadan keçməyə də daha çox meyilli olub.
Araşdırmanın diqqətçəkən nəticələrindən biri istifadə formasının böyük rol oynamasıdır. AI qrupundakı iştirakçıların 61 faizi sistemdən əsasən hazır cavab almaq, 27 faizi isə ipucu və izahat əldə etmək üçün istifadə etdiyini bildirib. Nəticələrdəki geriləmə əsasən birbaşa cavab istəyən iştirakçılarda müşahidə olunub. Süni intellekti yalnız ipucu və izahat üçün istifadə edənlərin nəticələri isə nəzarət qrupuna yaxın olub.
Mövzu barədə yazan “Euronews” nəticələri “10 dəqiqəyə insanın intellektinə zərər” kimi təqdim edib. Tədqiqat yalnız qısa müddətli süni intellektin yardımından dərhal sonra müstəqil tapşırıq performansında və davamlılıqda ölçülən azalma göstərib. Uzunmüddətli və ya daimi koqnitiv zərər araşdırılmayıb.
Müəlliflər də nəticələri bütün AI istifadəsinə şamil etməməyə çağırırlar. Araşdırma hazırda preprint statusundadır və nəticələr xüsusilə süni intellektdən düşünmə prosesini əvəz edən hazır cavab mənbəyi kimi istifadənin mümkün risklərinə işarə edir.