“Manus AI” eyni vaxtda 50 hesabı idarə edə bilir?

"Manus AI" sosial şəbəkələr üçün məzmun yaratmaq, paylaşmaq və statistikanı analiz etmək imkanlarına malikdir. Lakin sistemin eyni vaxtda 50 hesabı tam avtonom idarə etməsi barədə iddia şirkətin rəsmi məlumatlarında təsdiqlənmir.

42

Çində yaradılmış və sonradan Sinqapurda fəaliyyət göstərən “Manus AI” agentinin eyni vaxtda 50-dək sosial media hesabını insan müdaxiləsi olmadan idarə edə bilməsi barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Lakin MSNews.az-ın araşdırması göstərir ki, iddianın məhz bu formada “Manus”-un rəsmi mənbələrində təsdiqi yoxdur.

“Manus”-un rəsmi məlumatına görə, platforma həqiqətən də sosial media ilə bağlı geniş avtomatlaşdırma imkanları təqdim edir. Şirkət 2026-cı ilin martında “Instagram” üçün xüsusi konnektor istifadəyə verib. Bu funksiya vasitəsilə istifadəçi məzmun yarada, foto və videolar hazırlaya, post, “story” və “reels” dərc edə, daha sonra baxış, əhatə, bəyənmə, şərh, paylaşım və yadda saxlama göstəricilərini analiz edə bilər. Bu barədə “Manus”un rəsmi bloqunda məlumat verilib.

Platformanın “Browser Operator” sistemi də istifadəçinin icazə verdiyi brauzer sessiyasında veb-saytlarda müəyyən əməliyyatları avtonom şəkildə yerinə yetirə bilir. Bununla belə, “Manus” açıq şəkildə bildirir ki, brauzerə giriş yalnız istifadəçinin əvvəlcədən verdiyi icazə əsasında həyata keçirilir və istifadəçi agentin fəaliyyətini izləyə və istənilən vaxt dayandıra bilər.

“50-dən çox sosial media hesabının paralel şəkildə 24/7 idarə olunması” iddiasına isə əsasən “GitHub”-da “Manus AI Desktop” adı ilə yerləşdirilmiş ayrıca layihənin təsvirində rast gəlinir. Həmin səhifə 50-dən çox “X”, “Instagram”, “LinkedIn” və “Reddit” hesabının paralel idarə olunması, avtomatik paylaşım və şərhlərə cavab verilməsi imkanlarını iddia edir. Lakin bu xüsusiyyətlər “Manus”-un rəsmi məhsul səhifələrində və şirkətin təqdim etdiyi texniki sənədlərdə göstərilmir.

Eyni iddia “ManusAgentAI” adlı “Telegram” kanalında da yayılıb. Kanalda agentin 50 sosial media hesabını 24/7 idarə etdiyi qeyd olunur, lakin paylaşımda bu imkanları təsdiqləyən rəsmi texniki sənəd və ya “Manus” şirkətinin açıqlaması təqdim edilmir.

“Reuters” Manus-u 2025-ci ildə Çində yaradılmış ümumi təyinatlı süni intellekt agenti kimi təqdim etmişdi. Sistem mürəkkəb tapşırıqları minimum insan müdaxiləsi ilə planlaşdırmaq və icra etmək qabiliyyəti ilə tanınıb.