“Sabah” ÇL pley-offunda “Hapoel”ə uduzdu

“Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Hapoel Beer-Şeva”ya 1:2 hesabı ilə məğlub olub. Bakı klubu hesabı erkən açsa da, üstünlüyünü qoruya bilməyib.

51

Azərbaycan çempionu “Sabah” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda İsrailin “Hapoel Beer-Şeva” klubuna 1:2 hesabı ilə məğlub olub.

MSNews.az xəbər verir ki, “Hapoel”in nominal ev sahibi olduğu qarşılaşma təhlükəsizlik səbəbindən Rumıniyanın paytaxtı Buxarestdəki “Quleşti” stadionunda keçirilib.

“Sabah” matça uğurlu başlayıb. Bakı təmsilçisi artıq 6-cı dəqiqədə Velko Simiçin qolu ilə hesabı açıb. Lakin “Hapoel” 43-cü dəqiqədə Ceyvon İstin qolu ilə tarazlığı bərpa edib. İsrail klubuna qələbə qazandıran qolu isə 79-cu dəqiqədə İqor Zlatanoviç vurub.

Beləliklə, “Hapoel Beer-Şeva” cavab qarşılaşması öncəsi bir top üstünlük əldə edib. Bununla belə, cütün taleyi açıq qalır. İsrail klubunun baş məşqçisi Ran Kojuk da ilk oyundan sonra “bu, mübarizənin yalnız yarısıdır” deyərək Bakıdakı matçın həlledici olacağını vurğulayıb.

Cavab görüşü 25 avqustda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.