İsrailin Suriyaya zərbəsinə ABŞ və Türkiyədən etiraz

İsrail Suriyanın İdlib vilayətindəki Əbu əl-Duhur aviabazasına səkkiz hava zərbəsi endirib. ABŞ hücumu “lazımsız eskalasiya” adlandırıb, Türkiyə isə İsrailin iddialarını rədd edərək zərbələri pisləyib.

53

İsrail avqustun 18-də Suriyanın şimal-qərbində yerləşən Əbu əl-Duhur hərbi aviabazasına səkkiz hava zərbəsi endirib. Hücum ABŞ və Türkiyənin sərt reaksiyasına səbəb olub. Suriya dövlət mediasının məlumatına görə, zərbələr uçuş-enmə zolağı və anbarlara dəyib, insan tələfatı qeydə alınmayıb.

MSNews.az xəbər verir ki, “Reuters” hücumun martdan bəri İsrailin Suriya hökumətinə məxsus obyektə ilk birbaşa zərbəsi olduğunu bildirir. Əbu əl-Duhur bazası Türkiyə sərhədindən təxminən 70 kilometr məsafədə yerləşir və 2013-cü ildən tamhüquqlu hərbi aerodrom kimi fəaliyyətdən kənarda qalıb.

ABŞ prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi və Türkiyədəki səfiri Tom Barrak Vaşinqtonun hücumdan “dərin narahatlıq” keçirdiyini bildirərək zərbələri regional sabitliyə xidmət etməyən “lazımsız eskalasiya” adlandırıb. Barrak vurğulayıb ki, Suriya hökuməti İsrailə qarşı aqressiv mövqe tutmayıb və proksi qüvvələr saxlamayıb. ABŞ tərəfləri hərbi qarşıdurma əvəzinə dialoqa çağırıb.

Barrak daha sonra “Reuters”-ə bildirib ki, Türkiyə İsrailin hücumu barədə əvvəlcədən xəbərdar edilməyib. Onun sözlərinə görə, Ankara İsrail təyyarələrinin Türkiyə istiqamətinə doğru hərəkət etdiyini gördüyü üçün hərbi cavaba hazırlaşa bilərdi, lakin vəziyyətin daha da gərginləşməsinin qarşısı alınıb. ABŞ indi İsrail, Türkiyə və Suriya arasında daha güclü hərbi koordinasiya mexanizmi yaratmağa çalışır.

İsrail əvvəlcə əməliyyatla bağlı məsuliyyəti üzərinə götürməsə də, təxminən 20 saat sonra Baş nazir Benyamin Netanyahunun ofisi zərbəni təsdiqləyib. İsrail tərəfi Suriyanın Türkiyə qüvvələrinin aviabazada yerləşdirilməsinə imkan verməklə əvvəlki təhlükəsizlik status-kvosunu pozmağa hazırlaşdığını iddia edib.

Ankara isə bu iddianı rədd edib. “Axios”-a danışan Türkiyə rəsmisi Əbu əl-Duhur bazasında Türkiyə hərbi qüvvələrinin olmadığını bildirib. Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi də İsrail tərəfinin açıqlamalarını Suriyaya zərbələrə haqq qazandırmaq cəhdi adlandırıb.

“Türkiyə Xarici İşlər Nazirliyi” hücumu qəti şəkildə pisləyərək İsrailin Suriyanın infrastrukturunu və hərbi imkanlarını hədəfə aldığını, ölkənin ərazi bütövlüyü və birliyini pozduğunu bildirib. Ankara beynəlxalq ictimaiyyəti İsrailin Suriyaya hücumlarının qarşısının alınması üçün daha qətiyyətli mövqe tutmağa çağırıb.

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani də zərbələri “əsassız təxribat” və ölkənin suverenliyinin pozulması kimi qiymətləndirib. O bildirib ki, Dəməşq İsrailin hücumlarının dayandırılması üçün diplomatik səylərini davam etdirəcək.

Hadisə Ankara ilə Tel-Əviv arasında Suriya üzərində artan gərginliyi daha da dərinləşdirib. Türkiyə yeni Suriya hökumətinin əsas regional tərəfdaşlarından biridir və ölkənin ordusunun yenidən qurulmasına dəstək verir. İsrail isə Suriyada Türkiyənin hərbi mövcudluğunun genişlənməsini öz təhlükəsizliyi üçün risk hesab edir.