Səudiyyə Ərəbistanı Qüdslə bağlı ifadəni dərslikdən çıxarıb

Səudiyyə Ərəbistanının 11-ci sinif ərəb dili dərsliyindən “Müsəlmanlar Qüdsdən heç vaxt vaz keçməyəcəklər” cümləsi çıxarılıb. Yeni tarix dərsliyində “Sionist düşmən” ifadəsi də “İsrail işğalı” ilə əvəz edilib.

51

Səudiyyə Ərəbistanının məktəb proqramında İsrail və Fələstin mövzusunun təqdimatına dair bir sıra dəyişikliklər edilib. 11-ci sinif ərəb dili dərsliyində yer alan “Müsəlmanlar Qüdsdən heç vaxt vaz keçməyəcəklər” cümləsi proqramdan çıxarılıb.

MSNews.az xəbər verir ki, bu barədə Yaxın Şərq ölkələrinin məktəb dərsliklərini araşdıran “IMPACT-se” təşkilatının 2024–2026-cı illəri əhatə edən son hesabatında məlumat verilib. Hesabata əsasən, sözügedən cümlə 2023–2024-cü tədris ilinin 11-ci sinif ərəb dili dərsliyində tapşırıq nümunəsi kimi yer alırdı, lakin 2024–2025-ci il nəşrindən çıxarılıb və 2025–2026-cı il versiyasında da bərpa edilməyib.

Dəyişikliklər bununla məhdudlaşmır. Hesabatda göstərilir ki, 11-ci sinif tarix dərsliyinin 2025–2026-cı il nəşrində əvvəl istifadə olunan “Sionist düşmən” ifadəsi “İsrail işğalı” ilə əvəz edilib. Bununla belə, “IMPACT-se” vurğulayır ki, Səudiyyə dərsliklərində İsrail hələ də bir sıra xəritələrdə dövlət kimi göstərilmir və Fələstin məsələsinə əvvəlki siyasi yanaşmanın bəzi elementləri qalır.

Təşkilat bu dəyişiklikləri Səudiyyə Ərəbistanında son illərdə müşahidə olunan daha geniş təhsil islahatlarının və siyasi baxımdan sərt ifadələrin mərhələli şəkildə yumşaldılması prosesinin bir hissəsi kimi qiymətləndirir. Hesabatda proses ölkənin “Vision 2030” modernləşmə proqramı ilə formalaşan ümumi transformasiya kontekstində təqdim olunur.

Səudiyyə Ərəbistanının təhsil sistemində dəyişikliklər daha əvvəl də qeydə alınmışdı. “TIME” 2020-ci ildə Səudiyyə rəsmilərinə istinadən təhsil islahatlarının “Vision 2030” çərçivəsində davam edən proses olduğunu və dərsliklərdən dözümsüzlük və zorakılığı təşviq edən materialların çıxarıldığını yazmışdı.