CENTCOM Qəzza və Qərb Sahilinin göstərildiyi xəritəni dəyişib

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) paylaşdığı Yaxın Şərq xəritəsində əvvəlcə Qəzza və İordan çayının Qərb Sahili İsraildən ayrıca sərhədləndirilməyib. CENTCOM daha sonra xəritəyə dəyişiklik edib.

52

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Yaxın Şərqlə bağlı yayımladığı xəritəyə sonradan dəyişiklik edib. Xəritənin ilkin versiyasında Qəzza sektoru və İordan çayının Qərb Sahili İsraildən ayrıca sərhəd xətləri ilə seçilmədiyindən bu ərazilər vizual olaraq İsrailin tərkibində göstərilmiş kimi görünürdü.

MSNews.az xəbər verir ki, xəritə CENTCOM komandanı admiral Bred Kuperin 10 günlük Yaxın Şərq səfərinin başa çatması ilə bağlı paylaşımda istifadə olunub. CENTCOM-un rəsmi məlumatına görə, Kuper avqustun 15-də başa çatan səfər çərçivəsində Bəhreyn, İraq, İsrail, İordaniya, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə, həmçinin Ərəbistan dənizindəki “USS Abraham Lincoln” aviadaşıyıcısına baş çəkib.

Sosial şəbəkə istifadəçilərinin saxladığı ilkin görüntülərlə CENTCOM-un hazırkı paylaşımının müqayisəsi xəritənin dəyişdirildiyi göstərilir. Yenilənmiş versiyada İsrail və Fələstin əraziləri ətrafındakı sərhəd xətləri fərqli şəkildə təqdim olunub.

İranın “ISNA” agentliyi də ilkin xəritədə Qəzza və Qərb Sahilinin İsraillə eyni rəngli sahədə və ayrıca sərhəd göstərilmədən yerləşdirildiyini, sonradan isə xəritənin redaktə olunduğunu yazıb.

CENTCOM xəritənin niyə dəyişdirilməsi və ilkin versiyanın siyasi məna daşıyıb-daşımaması barədə ictimai açıqlama verməyib.