Fransalı admiral Olivye Lebasın ölümü ilə bağlı saxta detallar yayılıb

“Şarl de Qoll” aviadaşıyıcısının keçmiş komandiri Olivye Lebas avqustun 12-də Pireneylərdə alpinizm zamanı təxminən 40 metr hündürlükdən yıxılaraq həlak olub. Hadisənin Odessa hücumları, paraşüt və ya helikopterlə əlaqəsi yoxdur.

58

Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının keçmiş komandiri, 62 yaşlı vitse-admiral Olivye Lebas avqustun 12-də Pireney dağlarında alpinizm zamanı baş verən qəza nəticəsində həlak olub. Sosial şəbəkələrdə onun ölümünün Rusiyanın Odessaya zərbələri, helikopterdən paraşütlə tullanma və digər hadisələrlə əlaqələndirilməsi isə həqiqətə uyğun deyil. 

MSNews.az xəbər verir ki, “La Dépêche du Midi”nin hadisənin təfərrüatları barədə yaydığı məlumata görə, Lebas Spijeoles zirvəsinin Jeannel silsiləsində beş nəfərlik alpinist qrupu ilə hərəkət edirdi. O, kəndir qrupunun önündə qalxarkən qayadan bir parça qopub və onu tarazlıqdan çıxarıb. Nəticədə keçmiş hərbçi təxminən 40 metr aşağı düşüb.

Hadisə təxminən 2700 metr yüksəklikdə baş verib. Xilasetmə qrupları və jandarmın “Choucas 65” helikopteri əraziyə göndərilib, həkimlər Lebası reanimasiya etməyə çalışsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Le Parisien” də Fransa Hərbi Dəniz Qüvvələrinə istinadən ölüm səbəbinin alpinizm zamanı dağdan yıxılma olduğunu bildirir. Lebas təcrübəli alpinist idi və qəza zamanı vertolyotdan tullanma, paraşüt, xizək və ya akvalanqla bağlı heç bir hadisə baş verməyib.

Rusdilli sosial şəbəkələrdə yayılan versiyada isə Lebasın guya “helikopterdən paraşütlə uğursuz tullandığı”, “konkidə sürüşdüyü”, “akvalanqını çıxara bilmədiyi”, 2000 metrdən yıxıldığı və “birinci dərəcəli yanıqlardan öldüyü” iddia olunur. Eyni mətn müxtəlif səhifələrdə demək olar ki, sözbəsöz yayılıb. Bu absurd detallar etibarlı Fransa mənbələrinin məlumatlarında yoxdur və faktiki qəza şəraiti ilə ziddiyyət təşkil edir.

Həmçinin Lebasın ölümünün həmin gün Rusiyanın Odessaya endirdiyi zərbələrlə əlaqəli olduğuna dair heç bir sübut yoxdur. Etibarlı mənbələr hadisəni Fransanın cənubundakı Pireneylərdə baş vermiş alpinizm qəzası kimi təsvir edir. “Qapalı tabutda dəfn ediləcəyi” barədə yayılan iddia da təsdiqlənməyib.

Lebasın rütbəsi də bəzi paylaşımlarda səhv göstərilib. O, ölümü zamanı ehtiyatda olan vitse-admiral d’escadre (2S) idi. Lebas 35 illik hərbi karyerası ərzində döyüş pilotu olub, “Şarl de Qoll” aviadaşıyıcısına və Fransa aviadaşıyıcı zərbə qrupuna komandanlıq edib, 2020-2023-cü illərdə Atlantika dəniz prefekti vəzifəsini tutub. Xidmətdən ayrıldıqdan sonra “Airbus”da müdafiə məsələləri üzrə müşavir işləyib.