İran Qətərdən 3 pilotun azad edilməsini tələb edir

İran üç Su-24 pilotunun mart ayında Qətər qüvvələri tərəfindən əsir götürüldüyünü bildirərək onların azad edilməsini tələb edib. Qətər isə iranlı pilotları saxladığını qəti şəkildə təkzib edir.

49

İran mart ayında Qətərdəki ABŞ hərbi bazasına qarşı əməliyyatda iştirak edən üç iranlı pilotun Qətər qüvvələri tərəfindən əsir götürüldüyünü bildirərək onların azad edilməsini tələb edib. Doha isə bu iddianı qəti şəkildə təkzib edir və heç bir iranlı pilotu saxlamadığını bildirir. 

MSNews.az xəbər verir ki, İran Silahlı Qüvvələri Baş Qərargahının İtkinlərin Axtarışı Komitəsinin rəhbəri briqada generalı Məhəmməd Bağerzade Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Miryana Spolyariçə ünvanladığı məktubda pilotların Cavad Salehi, Əbdülməcid Dəştian və Omran Behruzian olduğunu bildirib. İran tərəfinin versiyasına görə, onlar altı aya yaxındır Qətərdə saxlanılır və ailələri ilə əlaqə yaratmalarına imkan verilmir. “Anadolu Ajansı” və İranın yarırəsmi “Tasnim” agentliyi məktubun məzmununu yayıb.

Bağerzade bildirib ki, İran Hərbi Hava Qüvvələrinə məxsus iki Su-24 martın 2-də Qətərdə yerləşən ABŞ hərbi obyektinə qarşı döyüş tapşırığı yerinə yetirib. İranın versiyasına görə, təyyarələr geri qayıdarkən hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub və ekipajlar katapult etməli olublar. Tehran üç pilotun sağ ələ keçirildiyini, dördüncü pilot — briqada generalı Məcid Kazeminin isə həlak olduğunu bildirir.

İran mənbələri Kazeminin qalıqlarının daha sonra ölkəyə qaytarıldığını və dəfn edildiyini bildirir. Lakin Qətərin açıqlaması ilə bu versiya arasında müəyyən uyğunsuzluq var. Doha avqustun 15-də bildirib ki, İran təyyarələri martda Qətər hava məkanını pozub və əlaqə yaratmaq cəhdlərinə cavab verməyib; sonrakı axtarış-xilasetmə əməliyyatı zamanı bir pilotun qalıqları aşkarlanıb. Qətər həmin qalıqların təhvil verilməsi üçün İranla əlaqə saxladığını, lakin Tehrandan cavab almadığını bildirib.

Qətər Xarici İşlər Nazirliyi iranlı pilotların saxlanılması barədə məlumatları “yanıldıcı” adlandıraraq “qəti şəkildə” rədd edib. Nazirliyin rəsmi hesabında yayımlanan açıqlamada Doha bu iddiaların məhz indi gündəmə gətirilməsindən təəccübləndiyini də vurğulayıb.

İran isə mövqeyindən geri çəkilməyib. Bağerzade avqustun 16-da Qətərdən iranlı hərbi ekspertlər və faktaraşdırıcı qrupun ölkəyə daxil olaraq pilotların taleyini araşdırmasına icazə verilməsini tələb edib. Onun sözlərinə görə, İran nümayəndə heyəti aylardır Qətərə daxil olmaq üçün icazə gözləyir. Tehran Beynəlxalq Qırmızı Xaç Komitəsini də məsələyə təcili müdaxilə etməyə çağırıb.