Norveçdə yerkökü satışında “Holand effekti”: uşaqlar onu “Holand şirniyyatı” adlandırır

Norveçdə yerkökü satışları bu yay nəzərəçarpacaq dərəcədə artıb. Ölkənin Kənd Təsərrüfatı Direktorluğu istehsalçıların artımı qismən Erlinq Holandın yaratdığı “Holand effekti” ilə əlaqələndirdiyini bildirib.

64

Norveçdə bu yay yerkökü satışlarında ciddi artım qeydə alınıb və istehsalçılar bunun səbəblərindən biri kimi Erlinq Holandın təsirini göstərirlər. Norveç Kənd Təsərrüfatı Direktorluğu bazarda yaranmış vəziyyəti istehsalçıların “Holand effekti” adlandırdığını rəsmi həftəlik hesabatında qeyd edib. 

MSNews.az xəbər verir ki, VG Norveç yerköküsünün bu yay xüsusilə yaxşı satıldığını yazır. Direktorluğun məlumatına görə, dəstə şəklində satılan yerli yerkökünün dövriyyəsi son illərlə müqayisədə nəzərəçarpacaq dərəcədə yüksək olub, avqustda da satışlar güclü olaraq qalır.

Holand son illərdə Norveçin tərəvəz və meyvə distribütoru BAMA ilə reklam kampaniyalarında iştirak edir. 2026-cı il futbol mundialı zamanı yayımlanan reklamlardan birində hücumçu yerkökü yeyərkən göstərilib. Sosial şəbəkələrdə də Holandın avtomobildə yerkökü yediyi videolar geniş yayılıb. BAMA ilə əməkdaşlıq isə 2024-cü ildən davam edir.

“Holand effekti” xüsusilə uşaqlar arasında nəzərə çarpır. “VG”-yə danışan norveçli ana altı yaşlı oğlunun Holanddan təsirləndikdən sonra şənbə günləri şirniyyat əvəzinə yerkökü istədiyini və onu “Haaland-godteri” — “Holand şirniyyatı” adlandırdığını bildirib. Digər valideynlər də övladlarının futbolçudan təsirlənərək tərəvəz, balıq və daha sağlam qidalara maraq göstərməyə başladığını deyiblər.

Oslo Universitetinin qidalanma üzrə professoru Stine Marie Ulven “VG”-yə bildirib ki, uşaqların Holanddan təsirlənərək daha çox tərəvəz, meyvə və balıq yeməsi müsbət haldır. Bununla belə, mütəxəssis Holandın qidalanma rejiminin peşəkar idmançı üçün hazırlandığını və adi insanların onu tam şəkildə təkrarlamasının vacib olmadığını vurğulayıb.