Fransa Konstitusiya Şurası 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən qanunun əsas müddəasını konstitusiyaya zidd sayaraq ləğv edib. Şura qadağanın ifadə və ünsiyyət azadlığına qeyri-mütənasib müdaxilə etdiyini, yaş yoxlaması mexanizminin isə şəxsi həyatın toxunulmazlığı üçün kifayət qədər hüquqi təminat yaratmadığını bildirib.
MSNews.az xəbər verir ki, “Reuters” yazır ki, parlamentin iyulda qəbul etdiyi qaydalara əsasən, 15 yaşdan kiçik şəxslər sentyabrın 1-dən sosial şəbəkələrdə yeni hesab aça bilməyəcək, artıq mövcud hesablar isə dörd ay ərzində bağlanacaqdı. Platformalardan Fransa məlumatların qorunması qurumunun təsdiqlədiyi yaş yoxlama sistemindən istifadə etmələri də tələb olunurdu.
Konstitusiya Şurası xüsusilə yaşın təsdiqlənməsi tələbinin yalnız uşaqlara deyil, bütün istifadəçilərə təsir edəcəyinə diqqət çəkib. Hakimlərin mövqeyinə görə, qanun yaşın hansı şərtlər və məhdudiyyətlər daxilində yoxlanılacağını kifayət qədər dəqiq müəyyən etmirdi. “Le Monde” bildirir ki, Şura həmçinin qadağanın bütün platformalara və 15 yaşdan aşağı bütün uşaqlara onların yaş, yetkinlik səviyyəsi və ailə vəziyyəti nəzərə alınmadan tətbiq edilməsini həddindən artıq geniş hesab edib.
Qərar Prezident Emmanuel Makronun əsas rəqəmsal siyasət təşəbbüslərindən birinə ciddi hüquqi maneə yaradıb. Makron yanvar ayında təşəbbüsü müdafiə edərkən “uşaqlarımızın və yeniyetmələrimizin beyni satış üçün deyil” deyərək onların emosiyalarının ABŞ platformaları və Çin alqoritmləri tərəfindən manipulyasiya edilməməli olduğunu bildirmişdi. Bu barədə “Associated Press” məlumat yayıb.
Makron qərardan sonra təşəbbüsdən geri çəkilməyəcəyini açıqlayıb. Yelisey sarayının məlumatına görə, Prezident Baş nazir Sebastyen Lekornyuya Konstitusiya Şurasının iradlarını və Avropa hüququnu nəzərə alan yeni, hüquqi baxımdan daha dayanıqlı layihə hazırlamağı tapşırıb. Məqsəd yeni mexanizmi 2027-ci ilin yazınadək qüvvəyə mindirməkdir.
Qeyd edək ki, Konstitusiya Şurası bütün qanunu deyil, məhz 15 yaşdan kiçiklərin sosial şəbəkələrə çıxışına ümumi qadağa qoyan müddəanı konstitusiyaya zidd hesab edib. Qanunda məktəblərdə mobil telefon istifadəsinin məhdudlaşdırılması kimi digər müddəalar da var idi.
Fransadakı müzakirələr uşaqların sosial şəbəkələrdən istifadəsinin məhdudlaşdırılması istiqamətində qlobal tendensiyanın fonunda gedir. Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan kiçiklər üçün geniş sosial media qadağasını tətbiq edən ilk ölkə olub, Avropa İttifaqında isə uşaqların zərərli onlayn funksiyalardan qorunması üçün əlavə tədbirlər müzakirə edilir.