Liviyada enerji obyektlərinə ardıcıl PUA hücumları edilir

Liviyanın Zaviyə şəhərində PUA hücumu elektrik yarımstansiyasını sıradan çıxarıb. Bundan əvvəl ölkənin ən böyük fəaliyyətdə olan neft emalı kompleksinə də bir neçə zərbə endirilib.

90

Liviyanın qərbində yerləşən Zaviyə şəhərində enerji infrastrukturuna qarşı ardıcıl PUA hücumları davam edir. Son zərbə nəticəsində Cənubi Zaviyə elektrik yarımstansiyası tamamilə yanaraq sıradan çıxıb, şəhərin cənubundakı geniş ərazilərdə elektrik enerjisinin verilişi dayanıb.

MSNews.az xəbər verir ki, “Reuters” Liviyanın Baş Elektrik Şirkətinə istinadən avqustun 12-də yarımstansiyaya hücumun ciddi yanğına səbəb olduğunu bildirib. Şirkətin yaydığı görüntülərdə obyektdə böyük alov və partlayışlar görünür.

Hücumun nəticələri Zaviyənin elektrik istehsalına da təsir edib. Təhlükəsizlik vəziyyəti səbəbindən ABŞ-nin “GE” şirkəti Zaviyə elektrik stansiyasındakı fəaliyyətini dayandıraraq texniki heyətini geri çəkib. Nəticədə stansiyanın 1300 MVt gücündən 700 MVt-dan çox hissəsi əlçatmaz vəziyyətə düşüb.

Elektrik yarımstansiyasına hücum Zaviyədə son günlər enerji obyektlərini hədəf alan zərbələr silsiləsinin davamıdır. “Al Jazeera” bildirir ki, bundan əvvəl PUA-lar Zaviyə neft kompleksində yanacaq çənini vurub və böyük yanğına səbəb olub. Hücumdan əvvəlki günlərdə kompleksin duzsuzlaşdırma qurğusu və nafta anbarı da hədəfə alınıb.

“Associated Press”in məlumatına görə, zərbələrdən birində 4,5 milyon litr yanacaq olan çən çöküb. Digər PUA-lar isə Zaviyə elektrik stansiyasının yanğınsöndürmə sisteminə və əsas yanacaq anbarının yaxınlığına düşüb. Hadisələrdə ölən və yaralananlar barədə məlumat verilməyib.

Liviyanın Milli Neft Korporasiyası son hücumlar fonunda Zaviyə kompleksində maksimum fövqəladə vəziyyət elan edib. Şirkət hücumların davam edəcəyi təqdirdə “fors-major” rejiminin tətbiq oluna biləcəyi barədə xəbərdarlıq edib.

Zaviyə ölkənin strateji enerji mərkəzlərindən biridir. Şəhərdə Liviyanın ən böyük fəaliyyətdə olan neft emalı zavodu, ixrac terminalı və böyük elektrik stansiyası yerləşir. Neft emalı kompleksinin gücü gündə təxminən 120 min bareldir və o, Şərara yatağı ilə boru kəməri vasitəsilə əlaqələndirilir.

Hücumların məsuliyyətini hələlik heç bir qrup üzərinə götürməyib. Liviya Baş naziri Əbdülhəmid Dbeibə enerji obyektlərinə hücumları “ciddi cinayət” adlandıraraq məsul şəxslərin müəyyən ediləcəyini və cavab verəcəyini bildirib.