İran: “ABŞ güzəşt etməsə, Hörmüz boğazı açılmayacaq”

İran Hörmüz boğazında kommersiya gəmiçiliyinin bərpasını ABŞ-nin müharibəni dayandırması, sanksiya və blokadanı aradan qaldırması, İran aktivlərini azad etməsi kimi şərtlərlə əlaqələndirir.

57

İran Hörmüz boğazının kommersiya gəmiçiliyi üçün tam açılmasını ABŞ tərəfindən bir sıra siyasi və iqtisadi güzəştlərin edilməsinə bağlayıb. Vaşinqton isə Tehran maneəsiz gəmiçiliyin bərpasını qəbul etdiyi halda İran limanlarına tətbiq edilən blokadanı aradan qaldırmağa hazır olduğunu bildirir.

MSNews.az xəbər verir ki, “Reuters” ABŞ rəsmisinə istinadən Vaşinqtonun İranın kommersiya gəmiçiliyinə maneəsiz keçidi bərpa etməsi barədə razılaşma elan olunduqdan sonra İran limanlarının blokadasını aradan qaldıra biləcəyini yazır. ABŞ tərəfinin sonrakı addımları Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi ilə əlaqələndiriləcək.

Söhbət yalnız iqtisadi sanksiyalardan deyil. ABŞ iyul ayında İran gəmiçiliyinə və limanlarına qarşı dəniz blokadasını yenidən tətbiq edib. Tehran bunu iyunda əldə olunmuş müvəqqəti atəşkəs razılaşmasının pozulması hesab edir.

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Omanla Hörmüz boğazında yeni gəmiçilik marşrutlarının müəyyənləşdirilməsi üzrə danışıqlar yekun mərhələyə yaxınlaşıb. Bununla belə, Tehran hesab edir ki, Omanla texniki razılaşmanın əldə olunması boğazın avtomatik açılması üçün kifayət deyil.

İranın açıqladığı şərtlər arasında ABŞ-nin İrana qarşı hərbi əməliyyat və təhdidlərini dayandırması, sanksiya və dəniz blokadasının aradan qaldırılması, xaricdə dondurulmuş İran aktivlərinin azad edilməsi və Tehranın müharibədə dəymiş zərərə görə kompensasiya alması yer alır.

Avqustun 11-də İranın mövqeyi daha yüksək səviyyədə bir daha təsdiqlənib. “Reuters” xəbər verir ki, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi ABŞ öz davranışını dəyişməyən və Tehranın şərtlərini qəbul etməyənədək Hörmüz boğazının bağlı qalacağını bildirib. Rezayi ABŞ-nin müharibəni dayandırmasını və xaricdə dondurulmuş İran vəsaitlərini azad etməsini açıq şərtlər arasında göstərib. Digər tələblərin vasitəçilər vasitəsilə Vaşinqtona çatdırıldığı bildirilib.

İran və ABŞ hazırda birbaşa danışıqlar aparmır. Əraqçinin sözlərinə görə, tərəflər arasında mesajlar vasitəçilər üzərindən ötürülür. Tehran iyunda əldə edilmiş ilkin razılaşmanın şərtlərinin Vaşinqton tərəfindən pozulduğunu bildirərək birbaşa danışıqların bərpasını da ABŞ-nin atacağı addımlarla əlaqələndirir.

İyunda hazırlanan ilkin razılaşmada ABŞ-nin yekun saziş əldə edilənədək İrana qarşı yeni sanksiyalar tətbiq etməməsi də nəzərdə tutulurdu. Lakin həmin razılaşma sonradan pozulub və Vaşinqton iyulda blokadanı, avqustda isə yeni iqtisadi sanksiyaları bərpa edib. Buna görə “danışıqlar dövründə yeni sanksiyaların tətbiq edilməməsi” əvvəlki razılaşmanın şərtlərindən biri olsa da, Tehranın hazırda açıqladığı əsas tələblər daha genişdir.

Hörmüz boğazı müharibədən əvvəl dünyada daşınan neft və mayeləşdirilmiş təbii qazın təxminən beşdə birinin keçdiyi əsas enerji marşrutlarından biri olub. Boğazda hərəkətin məhdudlaşdırılması dünya enerji bazarlarında qiymətlərin yüksəlməsinə və təchizatla bağlı narahatlıqların artmasına səbəb olub.