“Fənərbağça” Belçika millisinin hücumçusu Romelu Lukakunun transferi ilə bağlı “Napoli” ilə razılığa gəlib. Transferin rəsmiləşməsi üçün son prosedurların tamamlanması gözlənilir.
MSNews.az xəbər verir ki, tanınmış insayder “Fabrizio Romano” “Napoli”nin İstanbul klubunun son təklifinə razılıq verdiyini bildirib. Onun məlumatına görə, “Fənərbağça”nın təklifi 6 milyon avrodan yüksəkdir və klublar arasında razılaşma artıq əldə olunub.
Lukaku bundan əvvəl də “Fənərbağça”ya keçməyə razılıq vermiş və şəxsi müqavilə şərtləri üzrə anlaşma əldə etmişdi. İstanbul klubunun ilk 6 milyon avroluq təklifi qəbul edilməsə də, danışıqlar davam etdirilib və daha yüksək yeni təklif göndərilib.
İtaliya mətbuatında “Napoli”nin əvvəlcə 10–12 milyon avro civarında transfer haqqı tələb etdiyi bildirilirdi. “La Gazzetta dello Sport” Lukakunun Türkiyə klubuna keçidinin son günlərdə sürətləndiyini və futbolçunun “Fənərbağça” ilə razılığa yaxın olduğunu yazmışdı.
33 yaşlı hücumçu 2024-cü ildə “Çelsi”dən “Napoli”yə transfer olunub. O, ilk mövsümündə İtaliya klubunun A Seriyasının çempionu olmasına mühüm töhfə versə də, sonrakı mövsümdə zədələr səbəbindən xeyli oyun buraxıb.
Transferlə bağlı “Fənərbağça” və “Napoli”nin rəsmi açıqlaması hələ yayımlanmayıb.