Kriştianu Ronaldu və Corcina Rodrigesin Madeyrada evlənəcəyi barədə yayılan şayiələr yüzlərlə azarkeşin Funşal katedralının qarşısına toplaşmasına səbəb olub, lakin gözlənilən toy baş tutmayıb.
MSNews.az xəbər verir ki, avqustun 8-də günorta saatlarından etibarən Funşalın Sé katedralı ətrafında böyük izdiham yaranıb. “Euronews” ərazidə bir müddət sonra təxminən iki min nəfərin toplandığını bildirir. Bəzi azarkeşlərin Ronaldunun toyunu görmək ümidi ilə Madeyraya xüsusi olaraq səfər etdiyi də qeyd olunur.
Lakin katedralda keçirilən mərasimin Kriştianu Ronaldu və Corcina Rodrigeslə heç bir əlaqəsi olmayıb. Kilsədən futbol ulduzu və nişanlısının əvəzinə Nikol və Fabio adlı başqa bir bəy-gəlin çıxıb. “Plataforma Media” yazır ki, izdiham hətta əsl gəlinin kilsəyə daxil olmasını çətinləşdirib.
Şayiənin yayılmasında Britaniya mətbuatında Ronaldunun avqustun 8-də Funşal katedralında evlənəcəyi, daha sonra isə Savoy Palace hotelində mərasim keçiriləcəyi barədə xəbərlər rol oynayıb. Bununla belə, nə Ronaldu, nə də ailəsi toyun həmin tarixdə keçiriləcəyini təsdiqləmişdi.
Ronalduyun bacısı Elma Aveiro da yaranmış vəziyyətə reaksiya verib. “A Bola” onun sosial şəbəkədə “Ronaldu özü heç nə açıqlamayıbsa, insanlar niyə onun evlənəcəyini düşünür?” deyə yazdığını bildirir. Elma daha sonra təsdiqlənməmiş məlumatlar yaydığına görə medianı tənqid edib və vəziyyəti “sürreal” adlandırıb.
Ronaldu da hadisəyə yumorla yanaşıb. “Plataforma Media” bildirir ki, futbolçu Madeyrada yaranmış izdihamla bağlı paylaşımı gülüş emojiləri ilə şərh edib. Ronaldu və Rodrigesin toyunun dəqiq tarixi və məkanı isə hələlik ictimaiyyətə açıqlanmayıb.