Bakıda yanacaq çəni yanıb – yanğın söndürülüb

Bakının Xətai rayonunda, Bakı Neft Terminalı ərazisində yanacaq çənində yanğın baş verib. FHN yanğının geniş əraziyə yayılmasının qarşısını alaraq onu söndürüb. Xəsarət alan olmayıb.

67

Bakının Xətai rayonunda, Bakı Neft Terminalı ərazisində yanacaq çənində baş verən yanğın söndürülüb.

MSNews.az xəbər verir ki, hadisə avqustun 9-da Orxan İsmayılov küçəsində qeydə alınıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumatdan sonra Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb edilib. FHN-in operativ tədbirləri nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və alov qısa müddətdə söndürülüb.

“APA” ilkin məlumatında yanğının yanacaq çənində baş verdiyini bildirib. Agentliyin məlumatına görə, hadisə yerində yanğınsöndürmə-qurtarma qüvvələrinin sərbəst fəaliyyətini təmin etmək üçün polis əməkdaşları da operativ tədbirlər görüblər.

TƏBİB-in məlumatına əsasən, saat 15:55 radələrində Bakı Neft Terminalı ərazisindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub və əraziyə təcili tibbi yardım briqadası göndərilib. Lakin tibbi yardıma ehtiyac yaranmayıb və müraciət edən olmayıb.

Yanğının başvermə səbəbi barədə hələlik rəsmi məlumat açıqlanmayıb.