Əfqanıstan Azərbaycandan dəstək istədi

Əfqanıstanın ətraf mühit qurumunun rəhbəri Mətiül-Həq Xalis Azərbaycan səfiri İlham Məmmədovla görüşərək ölkəsinin Türkiyədə keçiriləcək COP31-də rəsmi iştirakına dəstək göstərilməsini istəyib.

66

Əfqanıstan Türkiyədə keçiriləcək BMT-nin COP31 İqlim Konfransında rəsmi iştirakının təmin olunması üçün Azərbaycandan dəstək istəyib.

MSNews.az xəbər verir ki, Əfqanıstan Milli Ətraf Mühitin Mühafizəsi Agentliyinin rəhbəri Mövləvi Mətiül-Həq Xalis yanvarın 28-də Azərbaycanın Kabildəki səfiri İlham Məmmədovla görüşüb. Tərəflər iqlim dəyişikliyi, beynəlxalq konfranslarda iştirak və Azərbaycan-Əfqanıstan arasında ekoloji əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Bu barədə Əfqanıstanın dövlət “RTA” telekanalı məlumat yayıb.

Xalis Azərbaycan tərəfini Türkiyə hökuməti və beynəlxalq qurumlarla koordinasiya apararaq Əfqanıstanın COP31-ə rəsmi dəvət almasına yardım etməyə çağırıb. O, Əfqanıstanın qlobal ekoloji problemlərin müzakirəsində daha fəal iştirakının vacibliyini vurğulayıb.

AnewZ”in məlumatına görə, İlham Məmmədov Azərbaycan və Əfqanıstan arasındakı münasibətləri dostluq əlaqələri kimi qiymətləndirib və Kabildə qaldırılan məsələlərin araşdırılması üçün Türkiyə tərəfi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının katibliyi və digər aidiyyəti qurumlarla işləməyə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin iki ölkə arasında ekoloji sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və daimi koordinasiya mexanizmlərinin yaradılması məsələləri müzakirə olunub. Əfqanıstan tərəfi iqlim böhranlarından ciddi təsirlənən ölkələrdən biri kimi beynəlxalq mexanizmlərə çıxış imkanlarının artırılmasında maraqlı olduğunu bildirib.

Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının rəsmi məlumatına əsasən, COP31 9-20 noyabr 2026-cı il tarixlərində Türkiyənin Antalya şəhərində keçiriləcək.

Əfqanıstan nümayəndə heyəti bundan əvvəl 2024-cü ildə Bakıda keçirilən COP29-da da iştirak etmişdi. 2026-cı ilin mayında isə Mətiül-Həq Xalisin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda təşkil olunan Ümumdünya Şəhər Forumuna — WUF13-ə qatılıb.