Prezident İlham Əliyev Ağdamda “Hilton Garden Inn” hotelinin açılışında iştirak edib

Prezident İlham Əliyev Ağdam şəhərində “Hilton Garden Inn Agdam” hotelinin açılışında iştirak edib. Yeni hotel Qarabağda turizm infrastrukturunun inkişafına töhfə verəcək.

45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam şəhərində inşa olunmuş “Hilton Garden Inn Agdam” hotelinin açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına mehmanxanada yaradılmış şərait barədə ətraflı məlumat verilib. Bildirilib ki, ümumi ərazisi 2 hektardan çox olan hotel kompleksi 2, 6 və 7 mərtəbəli olmaqla 3 blokdan ibarətdir. Müasir standartlara cavab verən 287 yerlik mehmanxanada müxtəlif kateqoriyalara aid ümumilikdə 127 otaq mövcuddur.

Hotelin infrastrukturu restoran, ictimai-iaşə zonası, iclas, tədbir və ziyafət zalları, qapalı hovuz və idman zalını əhatə edir. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri aparılıb. Layihənin icrası nəticəsində 120 nəfər daimi iş yeri ilə təmin olunub.

Qeyd edilib ki, “Hilton Garden Inn Agdam” hoteli Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi, Ağdam Muğam Mərkəzi, Ağdam Sənaye Parkı və digər sosial infrastruktur obyektlərinin yaxınlığında yerləşir ki, bu da onun əlçatanlığını və turizm baxımından cəlbediciliyini artırır.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2022-ci ildə Ağdam şəhərində mehmanxana kompleksinin təməlqoyma mərasimində iştirak ediblər. Bu ilin fevral ayında isə dövlət başçısı kompleksdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub.

“Hilton Garden Inn Agdam” hotelinin istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin tərkib hissəsidir. Bu layihə turizm infrastrukturunun formalaşdırılması, bölgənin iqtisadi potensialının reallaşdırılması və əhalinin məşğulluğunun artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bu cür layihələr “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na uyğun icra olunur və bölgənin ölkənin turizm xəritəsində mühüm mövqe tutmasına zəmin yaradır.