FIFA prezidenti Canni İnfantino UEFA-nın baş katibi olduğu dövrdə qurumda çalışan özündən aşağı vəzifəli qadın əməkdaşla münasibətdə olmaqda ittiham olunur.
MSNews.az xəbər verir ki, “The Telegraph”-ın araşdırmasına görə, adı açıqlanmayan qadının İnfantino ilə münasibətdə olduğu dövrdə vəzifəsi yüksəldilib və əməkhaqqı artırılıb. Daha sonra UEFA-dan ayrılarkən ona altırəqəmli məbləğdə ayrılma paketi ödənildiyi, həmçinin MBA təhsili üçün xərclərinin qarşılandığı bildirilir.
UEFA münasibət barədə iddianı təsdiqləməyib, lakin qadına ayrılma ödənişi verildiyini və yerli biznes məktəbində MBA proqramının maliyyələşdirildiyini rəsmən qəbul edib. Qurum bildirib ki, həmin ödənişlər o dövrdə qüvvədə olan əmək qaydalarına uyğun həyata keçirilib. UEFA əlavə edib ki, personal siyasəti ilə bağlı qaydalar 2016-cı ildən etibarən sərtləşdirilib.
“The Telegraph” həmçinin iddia edir ki, həmin dövrdə UEFA prezidenti olan Mişel Platini məsələdən xəbər tutduqdan sonra İnfantino ilə bunu müzakirə edib və qadın sonradan təşkilatdan ayrılıb. Lakin bu detal UEFA tərəfindən ayrıca təsdiqlənməyib.
İnfantino isə bütün ittihamları qəti şəkildə rədd edir. FIFA sözçüsü bildirib ki, prezidentə qarşı irəli sürülən iddialar “tamamilə həqiqətə uyğun deyil” və onun qeyri-münasib davranışda olması ilə bağlı eyhamları böhtan xarakterli hesab edir. FIFA-nın mövqeyinə görə, UEFA və FIFA-da heç bir əməkdaş indiyədək İnfantinonun davranışı ilə bağlı şikayət etməyib.
FIFA həmçinin əməkdaşların vəzifə dəyişiklikləri, işdən ayrılması və kompensasiya paketləri ilə bağlı qərarların müvafiq rəhbərlər tərəfindən və qüvvədə olan qaydalara uyğun şəkildə təsdiqləndiyini vurğulayıb.
İnfantino UEFA-da 2000-ci ildən çalışıb, 2009-2016-cı illərdə isə qurumun baş katibi olub. O, 2016-cı ilin fevralında FIFA prezidenti seçilib.