Paolo Maldini və Leonardo İtaliya Futbol Federasiyasındakı vəzifələrindən istefa veriblər.
MSNews.az xəbər verir ki, Maldini federasiyanın texniki direktoru və “Club Italia”nın prezidenti, Leonardo isə onun müşaviri vəzifəsində çalışırdı. İtaliya Futbol Federasiyası hər iki funksionerin vəzifələrindən ayrıldığını rəsmən təsdiqləyib.
Ayrılıq Andrea Pirlonun İtaliya millisinin baş məşqçisi təyin edilməsi planının baş tutmamasından sonra baş verib. Federasiya prezidenti Covanni Malaqo açıqlamasında Pirlo ilə əvvəlcədən razılığın əldə olunduğunu, lakin sonrakı hadisələri nəzərə alaraq onun təyinatını dayandırdığını bildirib. Malaqo Maldini və Leonardo ilə münaqişə yaşanmadığını, tərəflərin yaranmış məyusluqdan sonra yollarını ayırmaq barədə qarşılıqlı qərar verdiklərini söyləyib.
Transfer mütəxəssisi Fabrizio Romano Maldini və Leonardonun layihəyə qoşulmalarından cəmi 10 gün sonra ayrıldıqlarını və qərarın Malaqonun Pirlo təyinatına qarşı çıxması ilə bağlı olduğunu yazıb. Bununla belə, federasiyanın rəsmi məlumatına əsasən, Maldini və Leonardo iyulun 11-də vəzifəyə təyin ediliblər, istefaları isə iyulun 27-də rəsmiləşib.
“Sky Sport Italia” bildirir ki, Maldini və Leonardonun ilkin seçimi Pep Qvardiola olub. İspaniyalı mütəxəssis ailəvi səbəblərə görə təklifi qəbul etmədikdən sonra funksionerlər Andrea Pirlonun namizədliyi üzərində dayanıb. Lakin Pirlonun Rusiyanın mərc şirkəti “Fonbet”lə əməkdaşlığı İtaliyada siyasi və institusional etirazlara səbəb olub.
“Reuters” yazır ki, Pirlo 2025-ci ilin oktyabrından “Fonbet”in qlobal səfiri kimi fəaliyyət göstərib. İtaliyanın futbol rəsmiləri və bir sıra siyasətçilər bu əməkdaşlığa görə onun milli komandaya təyinatına etiraz ediblər. Pirlo isə şirkətlə münasibətlərinin yalnız kommersiya və idman xarakteri daşıdığını, ona siyasi məna verilməsinin doğru olmadığını bildirib.
İtaliya mediasında hadisə qeyri-rəsmi şəkildə “Fonbet qalmaqalı” və ya “Fonbetqeyt” adlandırılıb. “Rai News” Maldini və Leonardonun Malaqo ilə görüşdən sonra istefa verdiklərini və federasiyanın milli komanda üçün yeni layihə qurmağa məcbur qaldığını bildirib.
Maldini və Leonardonun gedişindən sonra Roberto Mançini yenidən İtaliya millisinin baş məşqçisi, Klaudio Ranyeri isə federasiyanın texniki direktoru və “Club Italia”nın prezidenti təyin olunub.