Rusiyada yanacaq növbəsi: sürücülər artıq binokldan istifadə edir

Novosibirskdə yanacaqdoldurma məntəqəsi qarşısındakı uzun avtomobil növbəsini binoklla izləyən sürücünün görüntüləri sosial şəbəkələrdə yayılıb. Rusiyanın bir sıra regionlarında benzin qıtlığı və satış məhdudiyyətləri davam edir.

17

MSNews.az xəbər verir ki, videonu paylaşan sosial media səhifələri avtomobil növbəsinin kilometrlərlə uzandığını bildiriblər. Paylaşıma “növbənin harada bitdiyini anlamaq üçün binokl lazımdır” şəklində satirik şərhlər əlavə olunub. Bununla belə, görüntünün çəkildiyi dəqiq məkan və vaxt müstəqil mənbələr tərəfindən tam təsdiqlənməyib.

Novosibirskdə yanacaq çatışmazlığının mövcudluğu yerli media tərəfindən də təsdiqlənir. “NGS.ru” iyulun 15-də bəzi məntəqələrdə növbələrin son dərəcə ləng hərəkət etdiyini, sürücülərdən birinin isə bir saat yarım ərzində növbənin cəmi üç avtomobil irəlilədiyini söylədiyini yazıb.

Yerli hakimiyyət nümayəndələrinin açıqlamasına görə, Novosibirsk vilayətində problemlər bəzi topdansatış təchizatçılarının yanacaq tədarükünü azaltması ilə bağlıdır. Nəticədə müstəqil yanacaqdoldurma şəbəkələrinin bir hissəsində ayrı-ayrı benzin növləri tükənib, bəzi məntəqələr isə fəaliyyətini müvəqqəti dayandırıb.

Yanacaq problemi yalnız Novosibirsklə məhdudlaşmır. “Reuters” agentliyinin sənaye mənbələrinə əsaslanan hesablamasına görə, Rusiyada benzin istehsalı mövsümi tələbatın təxminən 65 faizini qarşılayır. Agentlik çatışmazlığı iri neft emalı zavodlarının fəaliyyətinin dayanması, Ukraynanın enerji infrastrukturuna zərbələri və yay aylarında tələbatın yüksəlməsi ilə əlaqələndirir.

Rusiya Baş nazirinin müavini Aleksandr Novak yanacaq bazarındakı vəziyyətin mürəkkəb qaldığını etiraf edib. Hökumət ərzaq məhsulları daşıyan nəqliyyat vasitələrinin yanacaqla prioritet qaydada təmin edilməsini və kənd təsərrüfatı sektoru üçün dizel tədarükünün qorunmasını müzakirə edib.

Rusiya hakimiyyəti vəziyyəti sabitləşdirmək məqsədilə yanacaq ixracının məhdudlaşdırılması, Belarusdan tədarükün artırılması və bəzi regionlarda bir avtomobilə satılan yanacağın həcminə limit qoyulması kimi tədbirlər görür. Buna baxmayaraq, ölkənin bir sıra bölgələrində yanacaqdoldurma məntəqələri qarşısında uzun növbələr qalmaqdadır.