Nvidia Çinə H200 süni intellekt çipləri göndərməyə başlayıb

ABŞ rəsmisi Nvidia-nın güclü H200 süni intellekt çiplərinin Çinə məhdud tədarükünə başladığını açıqlayıb. İndiyədək yalnız az sayda çip ixrac edilib.

11

MSNews.az xəbər verir ki, bunu ABŞ Ticarət Nazirliyinin sənaye və təhlükəsizlik məsələləri üzrə müşaviri Ceffri Kessler Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmədə açıqlayıb.

Kesslerin sözlərinə görə, H200 çiplərinin Çinə göndərişləri başlayıb, lakin indiyədək ixrac olunan məhsulların sayı “çox azdır”. Göndərilən çiplərin dəqiq sayı və onları qəbul edən şirkətlərin adları açıqlanmayıb.

“Reuters” bildirir ki, bu açıqlama ABŞ hökumətinin müəyyən Çin şirkətlərinə H200 almaq üçün lisenziya verməsindən sonra tədarükün faktiki başladığını ilk dəfə rəsmi şəkildə təsdiqləyir. May ayında təxminən 10 Çin şirkətinə satış icazəsi verilsə də, həmin vaxt heç bir çatdırılma həyata keçirilməmişdi.

Lisenziya alan şirkətlər arasında “Alibaba”, “Tencent”, “ByteDance” və “JD.com”un olduğu bildirilir. Sonradan “ZTE”nin törəmə şirkəti “ZTE Kangxun Telecom” və server istehsalçısı “Maginfra” da H200 çipləri almaq üçün ABŞ-dən icazə əldə edib. Lakin çiplərin məhz hansı şirkətlərə göndərildiyi hələ məlum deyil.

“Nvidia” fevral ayında ABŞ hökumətinin Çində yerləşən konkret müştərilərə az miqdarda H200 məhsulu göndərməyə icazə verən lisenziya təqdim etdiyini açıqlamışdı. Şirkətin maliyyə hesabatına əsasən, ixrac edilən çiplər müştəriyə çatdırılmadan əvvəl ABŞ-də xüsusi yoxlamadan keçirilməlidir.

ABŞ qaydalarına görə, Çinə göndəriləcək çiplərin texniki göstəriciləri müstəqil laboratoriya tərəfindən yoxlanılmalıdır. Çinli alıcılar təhlükəsizlik tədbirlərini sübut etməli və məhsullardan hərbi məqsədlərlə istifadə etməməlidirlər. Çinə satılan H200-lərin sayı ABŞ müştərilərinə satılan ümumi çiplərin 50 faizindən çox ola bilməz.

H200 “Nvidia”nın “Hopper” arxitekturası əsasında hazırlanan yüksək məhsuldarlıqlı prosessorudur. Şirkətin məlumatına görə, çip 141 giqabayt HBM3e yaddaşa və saniyədə 4,8 terabayt yaddaş ötürmə sürətinə malikdir. O, böyük süni intellekt modellərinin hazırlanması və işlədilməsi üçün istifadə olunur.

Vaşinqton 2022-ci ildən etibarən qabaqcıl süni intellekt çiplərinin Çinə ixracını məhdudlaşdırır. ABŞ hakimiyyəti belə texnologiyaların Çinin hərbi imkanlarını gücləndirə biləcəyini bildirir. Bununla belə, Donald Tramp administrasiyası nəzarətdən keçmiş Çin şirkətlərinə H200 satışına məhdud şəkildə icazə verib. Qərar ABŞ Konqresində tənqidlərə səbəb olub.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031