Azərbaycan Prezidenti İlham Əliyev iyulun 11-də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndində fərdi evlərin və infrastrukturun bərpası istiqamətində görülən işlərlə tanış olub, doğma yurda qayıdan sakinlərlə görüşüb.
MSNews.az xəbər verir ki, Azərbaycan Prezidentinin rəsmi internet səhifəsinin məlumatına görə, Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov dövlət başçısına kənddə həyata keçirilən layihələr barədə məlumat verib.
Bildirilib ki, Kiçik Qaladərəsində ümumilikdə 66 fərdi ev mövcuddur. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlı vəziyyətdədir. Hazırda 26 ev istismara hazırdır, daha 21 evin isə 2027-ci ildə təhvil verilməsi planlaşdırılır.
Böyük Qayıdış proqramı çərçivəsində ilkin mərhələdə kəndə 15 ailə — 51 nəfər köçürülüb. 2026-cı ilin sonunadək daha 11 ailənin, ümumilikdə 45 nəfərin kəndə qayıtması nəzərdə tutulur.
Kiçik Qaladərəsində yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa olunub və 26 ev su şəbəkəsinə qoşulub. Kənddə transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa edilib, daxili yollar asfaltlanıb. Sakinlər üçün park və Bayraq meydanı da yaradılıb.
Dövlət başçısı kənd sakini, Vətən müharibəsi iştirakçısı Əsəd Əsədovun evinə də baş çəkib. Prezident daha sonra kəndə qayıdan sakinlərlə görüşərək onları doğma Qarabağ torpağına qayıtmaları münasibətilə təbrik edib.
Kiçik Qaladərəsi Şuşa şəhərindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə işğal olunub, 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın nəzarətinə qaytarılıb.