Ceffri Epşteynin insan alveri şəbəkəsindən zərər çəkən bir neçə qadın onun uzun illər köməkçisi olmuş Lesli Qroffu ABŞ Konqresinə verdiyi ifadələrdə həqiqəti gizlətməkdə ittiham edib.
MSNews.az xəbər verir ki, CNN-ə istinadən məlumat yayan “CT Insider”in yazdığına görə, Epşteynin altı zərərçəkəni Qroffun Nümayəndələr Palatasının Nəzarət Komitəsində verdiyi ifadə ilə razılaşmayıb. Onlardan dördü açıq adla, ikisi isə anonim şəkildə danışıb.
Qroff iyunun 9-da ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsində qapalı formatda ifadə verib.
Qroff ifadəsində Epşteynin insan alveri şəbəkəsindən xəbərsiz olduğunu, istismara məruz qalan qadın və qızlarla görüşmədiyini, onların yaşını bilmədiyini və Epşteynin cinayətlərindən xəbərdar olmadığını bildirib. O, Epşteyni “manipulyator” kimi təsvir edib və onun “qanuni həyatı ilə gizli istismarçı həyatını” ayırdığını deyib.
Zərərçəkənlər isə CNN-ə fərqli mənzərə təsvir ediblər. Onların sözlərinə görə, Qroffla şəxsən görüşüblər, ondan pul alıblar və yaşları barədə onunla danışıq aparıblar. CNN-in istinad etdiyi qadınlardan biri, Şerleyn Roçard, Qroffun onun pasport məlumatlarına malik olduğunu və buna görə yaşından xəbərsiz olmasının mümkün olmadığını bildirib.
Marina Lakerda isə CNN-ə deyib ki, Epşteyn şəhərdə olmayanda Qroff ona pul verirdi. Onun sözlərinə görə, pullar adətən yüz dollarlıq əskinaslardan ibarət olur və Epşteynin Nyu-Yorkdakı mənzilində uzun ağ zərflərdə təqdim edilirdi.
“ABC News“-un məlumatına görə, Qroff Konqresdə Epşteyn üçün gündəlik “masaj” görüşləri təşkil etdiyini etiraf edib, lakin bu qadınlarla şəxsən görüşmədiyini, onların azyaşlı və ya istismara məruz qaldıqlarını bilmədiyini deyib. Mənbələrə görə, Qroff həmçinin bəzi hallarda kuryerlər vasitəsilə nağd pul göndərdiyini bildirib.
“The Guardian” yazır ki, Qroff Epşteyn üçün 2001-ci ildən 2019-cu ildə həbs olunana qədər işləyib. O, ifadəsində “mən sui-qəsdçi deyiləm” deyərək Epşteynin cinayətlərində iştirak etmədiyini bildirib və 2007-ci il qeyri-cinayət təqibi razılaşmasında mümkün şərik kimi göstərilməsini “üzərində qalan ləkə” adlandırıb.
Bununla belə, qanunvericilər Qroffun Epşteynin gündəlik fəaliyyətindəki mərkəzi rolunu nəzərə alaraq onun “heç nə görmədiyi və bilmədiyi” barədə iddialarına şübhə ilə yanaşıblar. “CT Insider” yazır ki, onun səkkiz saatlıq ifadəsi komitənin Eşpteynin yaxın çevrəsi ilə bağlı apardığı ən uzun müsahibələrdən biri olub, lakin istintaq üçün ciddi yeni istiqamətlər ortaya qoymayıb.
Qroffun vəkili Maykl Buxner isə bildirib ki, müvəkkili verdiyi ifadənin arxasında dayanır və əlavə şərh verməyəcək.
ABŞ qanunvericiliyinə görə, federal hökumətin icra, qanunverici və ya məhkəmə hakimiyyəti yurisdiksiyasında olan məsələlərdə bilərəkdən yalan və ya saxta məlumat vermək cinayət məsuliyyəti yarada bilər. Lakin hazırda Qroffa qarşı bu iddialarla bağlı rəsmi ittiham irəli sürüldüyü barədə məlumat yoxdur.