NATO Ankarada Rusiyanı uzunmüddətli təhlükə adlandırdı

Ankara sammitinin yekun bəyannaməsində NATO liderləri Rusiyanın Avro-Atlantik təhlükəsizliyə uzunmüddətli təhdid yaratdığını bəyan ediblər. Alyans 2026-cı ildə Ukraynaya 70 milyard avroluq hərbi yardım ayırmağı və 2027-ci ildə ən azı eyni səviyyədə dəstəyi davam etdirməyi öhdəsinə götürüb.

17

NATO liderləri Ankarada keçirilən sammitin yekun bəyannaməsində Rusiyanı Avro-Atlantik təhlükəsizlik və sabitlik üçün uzunmüddətli təhdid kimi qiymətləndiriblər.

MSNews.az xəbər verir ki, NATO-nun rəsmi Ankara bəyannaməsində Alyans ölkələri Vaşinqton müqaviləsinin 5-ci maddəsi üzrə kollektiv müdafiə öhdəliyinə sadiqliyini bir daha təsdiqləyib. Sənəddə “bir müttəfiqə hücum hamıya hücumdur” prinsipi xüsusi vurğulanıb.

Bəyannamədə qeyd olunur ki, Rusiyanın Avro-Atlantik təhlükəsizlik və sabitliyə yaratdığı uzunmüddətli təhdidə, eləcə də terrorizm təhlükəsinə cavab olaraq müttəfiqlər müdafiə xərclərini və sənaye istehsalını artırırlar. NATO-nun məlumatına görə, Avropa müttəfiqləri və Kanada 2025-ci ildə əsas müdafiə ehtiyaclarına investisiyaları 139 milyard dollardan çox artırıb.

Sammitdə Ukraynaya dəstək də əsas gündəm mövzularından biri olub. NATO-nun rəsmi bəyannaməsinə əsasən, müttəfiqlər 2026-cı ildə Ukraynaya 70 milyard avro dəyərində hərbi texnika, yardım və təlim dəstəyi ayırmağı öhdələrinə götürüblər. Sənəddə həmçinin 2027-ci ildə ən azı eyni səviyyədə dəstəyin davam etdirilməsi barədə suveren öhdəliklər təsdiqlənib.

NATO Baş katibi Mark Rütte sammitin yekunlarına dair açıqlamasında bu qərarı Ukraynaya dəstək baxımından mühüm addım adlandırıb. NATO-nun rəsmi məlumatına görə, Rütte Alyansın Ukraynaya “bu il və gələn il” ən azı 70 milyard avro həcmində hərbi yardım göstərəcəyini bildirib.

Associated Press” yazır ki, dəstək paketinin strukturu Avropa İttifaqının Ukrayna üçün kredit proqramından illik 30 milyard avro və NATO müttəfiqlərindən 40 milyard avro olmaqla formalaşır. Mənbənin məlumatına görə, Tramp administrasiyası Ukrayna üçün birbaşa ABŞ xərclərini böyük ölçüdə dayandırdığı üçün ABŞ bu paketdə iştirak etməyəcək.

Yekun bəyannamədə Ukraynanın NATO-ya qəbul edilməsi ilə bağlı ayrıca öhdəlik ifadəsi yer almayıb. Sənəddə Kiyevin azadlığı, suverenliyi və ərazi bütövlüyünün müdafiəsinə dəstək vurğulansa da, üzvlük prosesi ilə bağlı konkret müddət və ya mexanizm göstərilməyib.

Bəyannamədə növbəti NATO sammitinin yeri və tarixi də açıqlanmayıb. Sənəd yalnız “növbəti görüşü səbirsizliklə gözləyirik” ifadəsi ilə tamamlanır.