Polşa Ukraynaya yardımın məbləğini açıqladı

Polşa Müdafiə Nazirliyi 2022-2026-cı illərdə Ukraynaya verilən hərbi yardımın ümumi dəyərinin 16,45 milyard zlotı, yəni təxminən 3,8-4 milyard avro olduğunu açıqlayıb. Siyahıda "Patriot" sistemləri üçün PAC-3 raketləri də yer alıb.

14

Polşa Müdafiə Nazirliyi Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya göstərilən hərbi yardımın ümumi dəyərini açıqlayıb.

MSNews.az xəbər verir ki, Polşa müdafiə naziri Vladislav Kosinyak-Kamışın açıqlamasına əsasən, 2022-2026-cı illərdə Ukraynaya verilən silah və hərbi texnikanın ümumi dəyəri 16,45 milyard zlotı təşkil edib. Bu məbləğin 14,9 milyard zlotısı 2022-2023-cü illərdə, 1,55 milyard zlotısı isə 2024-2026-cı illərdə ayrılıb. Bu rəqəm təxminən 3,8-4 milyard avroya bərabərdir. Bu barədə Polşanın rəsmi Müdafiə Nazirliyi və “PAP” agentliyi məlumat yayıb.

Nazir bildirib ki, Ukraynaya verilən hər bir yardım Polşa Silahlı Qüvvələrinin Baş Qərargahının əvvəlcədən apardığı qiymətləndirmədən sonra həyata keçirilib və bu qərarlar Polşanın təhlükəsizliyini zəiflətməyib. Polşanın hərbi nəşri “Polska Zbrojna” yazır ki, Varşava Ukraynaya T-72, PT-91 və Leopard 2A4 tankları, Rosomak və BWP-1 zirehli texnikası, MiG-29 qırıcıları, Mi-24 helikopterləri və digər silah sistemləri verib.

Açıqlanan siyahıda “Patriot” hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketləri də yer alıb. “PAP” bildirir ki, 2024-cü ildən sonra Ukraynaya verilən yardım paketinə PAC-3 raketləri, “Scan Eagle” pilotsuz sistemi, aviasiya bombaları, tank əleyhinə raketlər, sursat və hava hücumundan müdafiə sistemləri üçün ehtiyat hissələri daxil olub.

PAC-3 raketlərinin verilməsi Polşada siyasi mübahisəyə səbəb olub. “Notes from Poland” yazır ki, müxalifət hökuməti raketləri parlamentdən gizli şəkildə Ukraynaya ötürməkdə ittiham edib. Müdafiə naziri isə bu addımın NATO Baş katibi Mark Rutte və ABŞ-ın Avropadakı ali komandanı Aleksus Qrinkeviçin müraciəti əsasında, müttəfiqlərlə məsləhətləşmədən sonra atıldığını bildirib.

Nazirliyin mövqeyinə görə, Ukraynaya verilən PAC-3 raketlərinin sayı Polşanın müdafiə imkanlarının yalnız “cüzi hissəsini” təşkil edir və ölkənin hava hücumundan müdafiə qabiliyyətinə təsir göstərmir. Polşa müdafiə nazirinin müavini Sezari Tomçik isə “Rzeczpospolita” qəzetinə bildirib ki, NATO və ABŞ-la razılaşmaya əsasən, Polşaya təhlükə yaranacağı halda Varşava ilk sutka ərzində bu tip raket və sistemlərdən “on dəfə çox” yardım alacaq.

Kosinyak-Kamış Polşanın Ukraynaya dəstəyini davam etdirəcəyini vurğulayıb və “Polşanın düşməni Ukrayna deyil, Rusiyadır” deyib. Bununla belə, açıqlanan məlumatların hələ tam siyahı olmadığı, əlavə detalların mərhələli şəkildə məxfilikdən çıxarıla biləcəyi bildirilir.

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Bu gün üçün yayımlanmış xəbər tapılmadı.